Xəbər verdiyimiz kimi, “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında yerləşən dönərxanalardan birində 8 nəfər dönərdən zəhərlənib. Zəhərlənənlərdən biri qadın, yeddisi kişi, biri isə yeniyetmə olub. Zəhərlənən şəxslərin hamısı artıq xəstəxanadan evə buraxılıb.
Bəs dönərdən zəhərlənmə hansı səbəblərə görə baş verir? Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, dönərxanalar qeyri-yerli ətlərdən istifadə edir: “Ölkəyə idxal olunan ət məhsulları donmuş vəziyyətdə gəlir. Dönərxanalarda istifadə edilən ətlərin çoxu ucuz ətdir. Ucuz ətlər də ölkəyə Ukranyadan, Hindistandan idxal olunur".
Onun sözlərinə görə, bu ətlər donmuş halda gəlir və həmin ətləri dönərxanalar üçün emal edən müəssisə donunu açıb yenidən dondurduqdan sonra satır:."Dönərxanalar həmin ətin buzunu yenidən açıb satırlar. Yəni, onsuz da donmuş halda gələn ətin donunu açılıb yenidən dondururlar. Dönərxanalar da, ikinci dəfə dondurulmuş əti açıb istifadə etdikdə zəhərlənmə halları baş verir”.
Qida texnoloqu deyib ki, otaq temperaturunda saxlanılan məhsullar da zəhərlənməyə yol açır: “Fikir versəniz, dönərin qiyməti çox aşağıdır. Bu, keyfiyyətin aşağı olmasından xəbər verir. Bilirsiniz ki, dönərxana isti olur və "spiral" hər zaman yanır. Hətta bəzi yerlərdə dönər aparatının yanında manqal da olur. Nəticədə, mayonez məhsulları otaq temperaturunda qalıb ağırlaşır, keyfiyyəti aşağı düşür. Bu da zəhərlənmə hallarına yol aça bilir”.
A.Salamov zəhərlənmələrə səbəb olaraq ətin vaxtında emal olunmamasını da vurğulayıb: “Bir də qida məhsullarının düzgün emal olunmaması halları var. Əti saatlarla otaq temperaturunda saxlayırlar, guya əti şişə vururlar. Ət saatlarla qalır və emal vaxtı uzun çəkir. Mal i2 saat ərzində emal olunmalıdırsa, bunlar 3 saat ərzində tamamlamış olmurlar. Beləliklə, mikroorqanizmlərin qida məhsullarında əmələ gəlməsi nəticəsində zəhərlənmə halları baş verə bilir”.
Aytac Aslan
















