• Bakı 21° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Müəllim-şagird münasibətləri niyə pisləşir?

CƏMİYYƏT

12 Yanvar 2022 | 20:25 | Müəllif: Qalib İbrahimoğlu

Müəllim-şagird münasibətləri niyə pisləşir?

Son günlər hər kəs müəllimin şagirdi döyməsi ilə bağlı fikirlərini bölüşür. Bəziləri müəllimi haqlı bilir, bəziləri bunun yolverilməz olduğunu bildirir. Ümumiyyətlə, şagirdə necə tərbiyə verilməli, təhsil qaydaları necə olmalıdır ki, belə hallar yaşanmasın?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, son zamanlar insanların bir-biri ilə davranışlarında sərtlik, aqressivlik müşahidə olunur: “İstər Bakı, istərsə də regionlarda zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır. Son vaxtlar ictimai nəqliyyatda sürücü-sərnişin davaları da pik həddə gətirib. Demək olar ki, cəmiyyəti aqressiyalar öz ağuşuna alıb. Təəssüf ki, bunu biz təhsil müəssisələrində, orada işləyənlərə qarşı da hiss edirik”.

Ekspertə görə, aqressiya ailədən qaynaqlanır, ardınca orta məktəbdə inkişaf edir. Təhsilin bünövrəsi qoyulandan bu nüanslara diqqət etmək lazımdır. Təhsildə aqressiya şagird - müəllim münasibətlərinə də mənfi təsir göstərir: “Müəllimlərin düzgün tərbiyə metodundan çox şey asılıdır. Artıq məktəbdə böyüyən uşaqda aqressiya formalaşdıqdan sonra, bu, sadəcə məktəb daxilində olmur. Yavaş-yavaş əhatə dairəsi genişlənir. Son dövrlərdə ali məktəblərə qəbul, buraxılış imtahanlarındakı uğursuzluqlar bilavasitə cəmiyyətin müəllimə, məktəbə, təhsilə münasibətini dəyişir. Müəllimlərin repititor kimi pul yığması, bəzi məktəblərdə idarəetmədəki boşluqlar təhsil üçün ciddi problemlər yaradıb”.

K.Əsədovun sözlərinə görə, ibtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagird nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir: “Aydın məsələdir ki, bütün dünya bu problemdən əziyyət çəkir. Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq işi və sosial iş təşviq olunur. Azərbaycanda da bu mövzu günü-gündən aktuallaşır”.

Ekspert deyib ki, heç bir direktor və ya müəllimin həddini aşaraq şagirdi şəxsi və ailə vəziyyətinə görə mühakimə etmək, alçaltmaq, köməkdən məhrum etmək və məktəbi meşə qanunları ilə idarə etmək hüququ ola bilməz. Belə bir məsələdə hüquqi bazanın zəif olması bəhanəsinin arxasında gizlənmək vicdansızlıqdan başqa bir şey deyil: “Ümumiyyətlə, mən tərəfdarıyam ki, hər kəs öz vəzifə səlahiyyəti çərçivəsində nə isə etməyə çalışsın. Əksərən vəziyyət belədir: yığışıb bütün günü şikayət etmək və özünün dəyişə bilməyəcəyi məsələləri təkrar-təkrar müzakirə etməklə yerlə-göylə əlləşmək. Aydın məsələdir ki, orta məktəb müəlliminin nə qanunu dəyişmək, nə də yeni bir proqram həyata keçirmək səlahiyyəti var”.

Müsahibimiz məktəblərdə aqressiya məsələsində orta məktəb müəllimlərinin istisnasız hər birinin mənəvi və vəzifə öhdəlikləri olduğunu vurğulayıb. Dediyinə görə, hər zaman və hər yerdə səsləndirilən “maaşımız azdır” arqumenti burada qətiyyən keçmir. Bu öhdəliklər maaşın azalıb-çoxalması ilə mütənasib ola bilməz: ”Unutmayaq ki, müəllimin az maaş almasının cəzasını şagirdlərimiz çəkməli deyil. Son günlər məktəblərdə baş verən hadisələri təhlil edəndə görürük ki, qaydaları pozan, sinifdə zorakılıq edənlər adətən oğlanlardır. Onlara hansısa sərt cəzanə vermək mümkün deyil, buna bizim humanist təhsil sistemimiz icazə vermir. İdarə olunmayan şagirdi psixoloqa göndərmək də qeyri-mümkündür, çünki bunun üçün mütləq valideynlərin razılığı lazımdır, lakin onlar bunu vermirlər - düşünürlər ki, gözəl övladı var və hamı sadəcə onu seçir. Normal uşaqlar problemli uşaqların girovuna çevrilirlər. Buraxılış sinfinə kimi kobudluğa dözməli olan və uşağı sinifdən qovmağa belə haqqı olmayan müəllimi demirəm, çünki “harda əyləşəcəyini bilir”, halbuki dərs zamanı müəllim onun həyat və sağlamlığına cavabdehdir. Və belə çıxır ki, o şagirdin “həyatı və sağlamlığı” müəllimin və ya sinif yoldaşlarının həyatı və sağlamlığından daha vacibdir”.

Ekspertin sözlərinə görə, daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının təminatına , tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə, hər bir şagirdin uğurlu təliminə köməklik edən, normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyətinin və ünsiyyət bacarıqlarının inkişafına istiqamətlənib. Əgər normal tədris mühiti pozulursa, buna görə mütləq cəzalar olmalıdır. Mövcud fakt məktəbdə idarəetmənin normalolmadığını, şagirdlərləı işin düzgün qurulmadığını göstərir.

K.Əsədov məsələnin həlli üçün təkliflər də verib: “Təklif edirəm ki, mövcud halların qarşısını almaq üçün bu addımları ataq. Təhsil müəssisələrində zorakılıq məlumatlılığının səviyəsinin öyrənilməsi üçün sorğular keçirilsin. Təhsil müəssisələrində uşaqlar, valideynlər və işçi heyəti arasında zorakılıqla bağlı maarifləndirmə işi təşkil olunsun. Təhsil müəssisələrində zorakılığın önlənməsi üçün məsul şəxslər (Məktəbli Dostu və ya digər.) təyin olunsun və hər kəs bununla bağlı məlumatlandırılsın. Təhsil müəssisələrində hər kəsin gördüyü yerlərdə Zorakılıqla bağlı Qaynar Xətti yerləşdirilsin. Təhsil müəsisələrində işçi heyəti üçün Stress and Anger Management təlimləri keçirilsin. Təhsil müəssisələrində işçi heyəti üçün Ünsiyyət və Konflikt Management təlimlər təşkil olunsun. Təhsil müəssisələrində işçi heyəti üçün ildə 2 dəfə Psxoloji Superviziyalar təşkil edilsin və peşə yanmaları müəyyən olunsun. Təhsil müəssisələrində şagirdlər üçün Davranış və Emosiyalar haqqında Tamaşalar təşkil edilsin”.

Ekspert sonda vurğulayıb ki, təhsil müəssisələrində zorakılığın olmaması üçün məktəblərə təlim-tərbiyə funksiyasını da qaytarmaq və bunu müasir üsullarla icra etmək lazımdır: “Hər ailədən müxtəlif dəyərlərlə gələn uşaqlar təhsil müəssisəsinin hər kəs tərəfindən qəbul olunmuş ümumi dəyərlərini qəbul etməli və o dəyərlərə uyğun hərəkət etməlidir. Bu təhsil müəssisəsinin dəyərləri yalnız uşaqlar üçün yox, həm də işçi heyəti tərəfindən qəbul olunmalıdır. İşçi heyəti təhsil müəssisəsinin dəyərlər sisteminin icrası zamanı örnək təşkil etməli və nümunə olmalıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026