ABŞ Prezidenti Donald Tramp iyulun 7-də təxminən min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək. Məlumata görə, liderlərin sammitindən bir gün əvvəl Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Görüşün yekununda iki liderin birgə mətbuat konfransı keçirməsi də gözlənilir.
Tramp-Ərdoğan görüşü beynəlxalq aləm üçün nələr vəd edir? Bu görüşdən gözləntilər nədir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında NATO sammitindən öncə baş tutacaq görüşdə müzakirə oluna biləcək xeyli məsələlər var:
"Bu məsələlərin sırasında heç şübhəsiz ki, ikitərəfli və NATO çərçivəsində Türkiyə-ABŞ əlaqələri, o cümlədən Yaxın Şərqlə bağlı Türkiyə və ABŞ-nin regional maraqları və mövcud situasiyaya baxışları daxildir. Həmçinin xüsusilə İran ətrafında baş verən proseslərə Amerikanın daha çox maraq göstərməsi, Suriya, İsrail və Qəzza bölgəsi ilə bağlı Türkiyənin narahatlıqları və bu istiqamətdə geniş fikir mübadiləsinin aparılması yəqin ki, hər iki liderin gündəliyində olacaq”.
Müsahibimiz vurğulayıb ki, eyni zamanda Rusiya və Ukrayna cəbhəsi istiqamətində olan mövzular da bu görüşün əsas müzakirə predmetlərindən olacaq.

Taleh Əliyev: "Bir kəmər, bir yol", Cənubi Qafqaz məsələləri də görüşün əsas müzakirə prioritetlərindən hesab oluna bilər
Politoloq hesab edir ki, hər iki liderin bu görüşün sonucu olaraq razılaşdıqları məsələlər barədə media qarşısında açıqlayacağı xeyli müsbət mesajlar olacaq.
"Bu mesajlardan bir qismi yəqin ki, Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında hərbi əməkdaşlığın yeni mərhələyə qaldırılması ilə bağlı F-35 proqramında Türkiyənin yenidən iştirakına şəraitin yaradılması olacaq:
“O cümlədən, F-16-lar və digər Amerika müdafiə sənayesi məhsullarının Türkiyəyə satışı ilə bağlı məhsuldar razılaşmaların əldə olunması liderlərin birgə mətbuat konfransında açıqlanacaq məsələlər sırasında olacaq. Görüşün müzakirə masasında olacaq məsələlər ikitərəfli münasibətlərdən tutmuş elə bu sammit daxilində NATO çərçivəsindəki əməkdaşlıq, Yaxın Şərq və Rusiya-Ukrayna məsələləri və hətta mən deyərdim ki, daha qlobal – ABŞ-Çin münasibətləri, eyni zamanda bizi də maraqlandıran "Bir kəmər, bir yol", Cənubi Qafqaz məsələləri bu görüşün əsas müzakirə prioritetlərindən hesab oluna bilər".
Gülşən Şərif
Bakı 



