İranda Şirazda Şah Çıraq ziyarətgahında terror aktı baş verib. Hadisə nəticəsində 7 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. İŞİD terror qruplaşmasının üzvləri türbəyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.
İŞİD-in yenidən bölgədə, xüsusən İranda fəallaşmasını Bakıvaxtı.az-a dəyərləndirən siyasi şərhçi Həsrət Rüstəmov deyib ki, İŞİD və digər terror qruplaşmalarının mövcudluğu və zaman-zaman fəallaşması ayrı-ayrı dövlətlər yox, bütövlükdə bəşəriyyət üçün böyük təhlükədir.
Ekspert təəssüflə vurğulayıb ki, dünyanın supergücləri bir çox məsələdə olduğu kimi beynəlxalq terrorla mübarizə ilə əlaqədar məsələdə də yumuşaq desək, dürüst davranmırlar: "Artıq heç kimə sirr deyil ki, bu gün İŞİD kimi dünyaya meydan oxuyan əksər terror təşkilatları bu və ya digər dövlətlərin gizli himayəsi və sifarişi ilə mövcudluğunu saxlayır. Əgər İŞİD bölgədə fəallaşırsa, bu o deməkdir ki, hansısa qlobal güclər fəallaşır və regionda yeni siyasət yürüdülməyə başlanılır”.

Həsrət Rüstəmov: Terror bütün hallarda lənətlənməlidir: çünki terrorun qurbanı həmişə dinc əhali olur
Onun sözlərinə görə, təbii ki, bu cür prosesi normal hesab etmək olmaz və terror bütün hallarda lənətlənməlidir: “Çünki terrorun qurbanı həmişə dinc əhali olur”.
Bəs bizim kimi kiçik dövlətlər necə etməlidir ki, bu cür hadisələrdən özünü qorusun? Bunun bir yolu ölkə daxilində və xaricdə düzgün siyasət yürütmək, bölgədə və dünyada həyata keçirilən gizli-açıq siyasəti yaxından izləməkdir.
“Digər yolu isə terrora qarşı birgə mübarizədə fəal olmaq, əməkdaşlıq etməkdir. Məsələn, bölgədə bu sahədə həm təcrübəsinə, həm də yaxınlığımıza görə, Türkiyə ilə bu sahədə sıx əməkdaşlığımız bizim üçün xüsusi önəm kəsb etməlidir", - deyə Həsrət Rüstəmov qeyd edib.
Aydın Baxış













jpg-1694501359.webp)


