Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi və İranın Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib. Hərbi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Son günlər bəzi qüvvələrin əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərdiyini diqqətə çatdıran İran Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbəri general-mayor Məhəmməd Əhədi bu baxımdan qarşılıqlı səfərlərin və işçi səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a deyib ki, son dönəmdə erməni KİV-ləri İranla bağlı bəzi xəbərləri məqsədyönlü şəkildə tirajlayıblar. Əfsuslar ki, bəzi Azərbaycan media qurumları da həmin xəbərləri araşdırmadan yayıblar
Analitik hesab edir ki, İranla bağlı məlumatlarda rəsmi mənbələrə istinad etmək daha məqsədəuyğun olar: "İranın Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, görüşlər və müzakirələr göstərir ki, ikitərəfli əlaqələr praqmatik əsaslara söykənir. Hər iki ölkənin rəsmiləri birmənalı ifadə edirlər ki, bölgədə yenidən genişmiqyaslı müharibəni istəmirlər. Münasibətlər qarşılıqlı maraqlar çərçivəsində tənzimlənsin”.

İlqar Vəlizadə: Ermənilərin əliylə məqsədli şəkildə yayılan feyk xəbərlərdə kifayət qədər ciddi olmalıyıq
Onun sözlərinə görə, təbii ki, qarşılıqlı əməkdaşlıq hərbi-siyasi məsələləri də əhatə edir. Hərbi-siyasi məsələlərdə Azərbaycan-İran arasında uzunmüddətli əməkdaşlıq və dialoq mövcuddur. Xəzəryanı dövlətlər çərçivəsində dialoq inkişaf edir. Müxtəlif illərdə birgə təlimlər də keçirilib: “Görünən odur ki, Tehran da Bakı ilə dialoqun davam etməsində maraqlıdır. İndiki mürəkkəb geosiyasi vəziyyətdə hər iki dövlət bölgədə proqnozlaşdırılan siyasət aparılmasının tərəfdarı kimi çıxış edir. Bakı hər zaman qeyd edib ki, Azərbaycandan İrana heç bir təhlükə olmayacaq. Başqa bir ölkə ilə əməkdaşlığımız qətiyyən üçüncü ölkəyə qarşı yönəlməyib”.
Müsahibimizə görə, o baxımdan ermənilərin əliylə məqsədli şəkildə yayılan feyk xəbərlərdə kifayət qədər ciddi olmalıyıq: “İnformasiya müharibəsinin getdiyini və düşmənin bu cür metodlardan istifadə etdiyini unutmamalıyıq. Bunlara imkan verməmək üçün Tehranla ikili əməkdaşlığın və dialoqun inkişafı vacibdir. Burada KİV-in də üzərinə mühüm məsuliyyət düşür".
Aydın Baxış
















