Son zamanlar əhali arasında qusma, ishal, yüksək hərarət halları yayılıb. Məktəb və bağçalarda, iş yerlərində insanların əksəriyyəti bu simptonmla rastlaşır. Bu hansı virusdur və necə qorunmaq olar?
İnfeksionist Sadiqə Əliyeva Bakıvaxtı.az-a bildirib ki, son günlər uşaqlar və böyüklər arasında xəstəliyin artması halları mövsümlə də əlaqədardır: “Yəni, payız mövsümüdür, isti havalardan soyuq havalara keçilməsi xəstəliklərin artmasına səbəb olur. Əlbəttə ki, soyuqlama halları da çox olur, insanlar diqqət etməlidir”. Onun sözlərinə görə, bununla yanaşı kəskin respirator virus infeksiyaları, bəzi bağırsaq virusları da yayılır. İlk növbədə, insanların immunitetinin aşağı düşməməsi lazımdır: “İnsanlar qidalanmaya, geyimə diqqət edilməlidir ki, tərləməsinlər. Kifayət qədər balanslaşdırılmış vitaminli qidaları qəbul etməlidirlər. Bunları etməklə yoluxma hallarını daha da azaltmaq olar”.
Həkim qeyd edib ki, kəskin respirator virusuna yoluxmuş insanların qoruyucu maskalardan istifadə etməsi yaxşı olar. İnfeksionistə görə, fərdi gigiyena qaydalarının hamısına diqqət etmək lazımdır ki, yoluxma halları çox baş verməsin. “Bilirik ki, koronavirusla yanaşı, kəskin respirator virusları, infulienza və rotaviruslar da yayılmaqdadır. Bunun nəticəsində uşaq və böyüklərdə qusma, ishal halları baş verə bilər”, - deyə Sadiqə Əliyeva vurğulayıb.
Aytac Aslan
















