Son illər valideynlər ibtidai sinifdə keçilən dərslərin uşaqların yaşına və təfəkkürünə uyğun olmadığını iddia edir. Hətta bu sistemin şagirdləri robotlaşdırdığını deyənlər də az deyil.
Təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu məsələnin haqlı və ya haqsız tərəfləri var. Onun sözlərinə görə, Azərbaycanda uzun illər məlumat üzərinə köklənmiş bir təhsil sistemi var idi. Ona görə də, çoxlu məlumat, vurma cədvəli və s. buna bənzər şeylər əzbərlədilirdi, öyrədilmirdi. Ekspert qeyd edib ki, indi isə Riyasiyyat, Kimya, Fizika və bu kimi təbiət kitabları uşaqları daha çox təfəkkürə, düşünməyə, təcrübəyə, tədqiqata təşviq edir: “Məncə, bu normal haldır. Əvvəlki uşaqların çox şeyi əzbərləməyindən daha normaldır. Lakin bunlar şagirdlərin yaş dövrü, təfəkkürünün üzərində olan şeylərdirsə, əlbəttə, birmənalı şəkildə deyilə bilər ki, bu yanaşma normal deyil. Mənim müşahidəm bundan ibarətdir ki, Azərbaycanda yeni yazılan dərsliklər qərb dərslikləri ilə səsləşir. Qərbin müxtəlif kitabları ilə harmoniya olmasını istəyirlər. Bu səbəbdən, məsələlər üstünlük təşkil edir. Təbii ki, müəllimlər dərsliklərin uşaqların təfəkkürünü aşmaması üçün daha diqqətli davranmalıdırlar. Valideynlərin hamısı bu şikayətlərində haqlı deyillər”.
Ekspert bildirib ki, dərslik nə deyir desin, müəllimlər şagirdlərini ən yaxşı tanıyan insanlardır: “Ona görə də, şagirdlərinə dərslikdəki məlumatı onların səviyyəsini nəzərə alaraq verməlidir. Müəllim şikayət etməməli, bəhanə gətirməməlidir ki, dərslik ağırdır. Müəllim məlumatları şagirdlərin başa düşə biləcəyi səviyyədə təqdim etməlidir. Müəllimin işi odur ki, ona göndərilən kurikulum şagirdin vəziyyətinə uyğunlaşdıraraq, diferensiasiya edərək uşağa təqdim edə bilsin. Bunu etməsə, müəllimin bir mahiyyəti, orada olmağının hikməti qalmır. Kurikulum ümumi bir çərçivədir, uşaqların nəyi bilməli olduğunu qeyd edən standart bir sənətdir. Düşünmürəm ki, kurikulumumuz çətindir. Dərsliklərimiz çətin ola bilər, amma kurikulumumuz çətin deyil. Milli kurikulum çox ümumi standartları qeyd edir”.
Q.Məhərrəmova görə, sadəcə milli kurikulumu təqdim edən müəllimlər düşünür ki, bu vahid sənəd, qırmızı xətdir və mütləq belə təqdim etmək lazımdır. Onun sözlərinə görə, əslində, elə deyil. Kurikulum onlara bir çərçivə sənədi, hədəf, standartdır ki, ona cavab verməyə çalışmalıdırlar: “Əsas məsələ müəllimə qalır. Müəllim ən çətin tapşırıqları belə uyğunlaşdıraraq təqdim etməlidir. Əgər çətin tapşırıqla üzləşibsə, dərsliyə rəy bildirə, müəllifə göndərə, nazirliyin saytına yaza, beləcə, şikayətini bildirə bilər”.
Müsahibimiz qeyd edib ki, robotlaşmanın səbəbi isə əzbərçilik, test üsuludur. Q.Məhərrəmov qeyd edib ki, əgər kurikuluma əməl etsələr, uşaqlar robotlaşmaz. “Sadəcə bizim imtahan sistemimiz əzbərləməyə yönəlikdir, ona görə uşaqlar 9, 10, 11-ci siniflərdə test əzbərləməklə məşğul olur”,- deyə Qoşqar Məhərrəmov vurğulayıb.
Aytac Aslan
















