• Bakı 14° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Elm və milli kimlik: Gələcəyə yönəlmiş mühüm strateji kapital

CƏMİYYƏT

06 Noyabr 2025 | 09:17

Elm və milli kimlik: Gələcəyə yönəlmiş mühüm strateji kapital

Ulu Öndər Heydər Əliyev Azərbaycan elmini dövlət siyasətinin prioritet istiqamətinə çevirən böyük şəxsiyyət kimi tarixə düşüb. Onun təşəbbüsü ilə elmi idarəetmə sistemi təkmilləşdirilib, elmin maddi-texniki bazası möhkəmləndirilmiş, gənc alimlərin yetişdirilməsi üçün şərait yaradılıb.

Heydər Əliyevin elmə yanaşması təkcə biliklərin toplanması deyil, həm də bu biliklərin dövlətin strateji inkişafına yönəldilməsi prinsipinə əsaslanırdı. O, elmi mühitin müstəqil və yaradıcı inkişafını təmin etməklə, Azərbaycan elmini beynəlxalq elmi məkanın tərkib hissəsinə çevirib. Həmin dövrün alimləri bu siyasətin nəticəsində öz tədqiqatlarını geniş miqyasda həyata keçirməyə və dünya elmi ilə sıx əlaqələr qurmağa nail oldular.

Bu kursu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar, imzaladığı fərman və sərəncamlar elmin rəqəmsal transformasiyasını və müasir tələblərə uyğun infrastrukturun yaradılmasını təmin edir. Prezidentin AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı irəli sürdüyü ideyalar elmin idarəetmə modelinin yenilənməsi, nəticələrin praktikaya tətbiqi və gənclərin elmə cəlbi baxımından mühüm mərhələ idi. Həmin çıxışda vurğulandığı kimi, elmi nailiyyətlər yalnız laboratoriya çərçivəsində qalmalı deyil, iqtisadiyyatın, sənayenin və sosial həyatın bütün istiqamətlərinə tətbiq olunmalıdır. Bu çağırış bu gün öz bəhrəsini verir. Azərbaycanın elmi potensialı bərpa olunan enerji, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahələrində real nəticələrə çevrilməkdədir.

Müasir dövrdə elmin qarşısında duran vəzifələr daha geniş və strateji xarakter daşıyır. Texnoloji inkişaf, enerji təhlükəsizliyi, sənaye və hərbi innovasiyalar sahəsində elmi tədqiqatların dərinləşdirilməsi dövlətin dayanıqlı inkişafını təmin edir. Eyni zamanda, tarix və dil sahəsində aparılan tədqiqatlar milli kimliyin qorunmasında mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycandakı toponimlərin bərpası, erməni saxtalaşdırmalarına qarşı elmi arqumentlərin hazırlanması bu istiqamətdə mühüm vəzifələrdəndir. Dilin saflığının qorunması, xüsusilə xaricdə yaşayan azərbaycanlılar arasında ədəbi dilin itirilməsinin qarşısının alınması isə həm akademik, həm ictimai məsuliyyətdir. Elm və mədəniyyətin bu birliyi Azərbaycanın gələcəyinə yönəlmiş ən mühüm strateji kapitaldır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

05 Noyabr 2025