""Ramazanın ilk gününü gecə klubunda qarşılamağın sonu belə olmalı idi" demək vicdanlı insanın sözü deyil".
Bunu Bakıvaxtı.az-a ilahiyhatçı Elşad Miri ötən gecə Bakıda gecə klubunda baş verən partlayışda xəsarət alanlara sevinənlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu hadisə Ramazanın 2-ci və ya 3-cü günü baş versəydi, nə deyəcəkdilər? "Ramazan ayında Ukraynada baş verənlərə nə deyəcəklər? Yaxud, bu ayda müxtəlif məkanlarda əyləndikləri halda heç bir hadisə baş verməyənlərə o zaman haqq qazandıracaqlar?"
Elşad Miri bildirib ki, bu dar düşüncənin ağızdan çıxan ifadələridir: "Biri deyir məhərrəmlikdə toy etmək olmaz, digəri may ayının ağır olduğu iddia edir... Həmin günlərdə baş verən bədbəxt hadisənin də belə «qiymətləndirirlər». Kimin necə və hansı formada öləcəyini heç kim bilməz" deyən ilahiyyatçı qeyd edib ki, bu cür iddai sahiblərinin ölüm anına kimi eyni düşüncədə qalacağına da zəmanət yoxdur.
Bu hadisəni Allahın qəzəbi kimi təqdim edənlərə cavab verən E.Mirinin sözlərinə görə, Allahın qəzəblə əlaqəli adı və sifəti də yoxdur: "Allahı qəzəbləndirənlər ən böyük zülm olaraq Ona ortaq qoşanlardır. Başqalarına böhtan atanlardır. Öz fikirlərini Allaha istinad edənlərdir. Onun mesajlarını dəyişdirib təqdim edənlərdir (“Bəqərə” surəsi, 2/79; “Ali-İmran” surəsi, 3/78).
"İnsanlar necə əylənəcəklərinə özləri qərar verirlər" deyən ilahiyyatçı bildirib ki, Allah insanlara Ona güvənib yaşamaq və ya inkar edib yaşamaq seçimini verib.
"Yaddan çıxarmayaq ki, günahsız insan yoxdur. Tövbə qapısı da ölüm anına kimi açıqdır", - deyə Elşad Miri vurğulayıb.
Nuranə Daxilqızı
















