Son illərdə Ermənistan və Rusiya arasındakı münasibətlərdə nəzərəçarpacaq dərəcədə gərginlik müşahidə olunur.
Bakıvaxtı.az-ın məlumatına görə, xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Qərblə əlaqələrini gücləndirməyə çalışması və Rusiyanın bu ölkəyə qarşı passiv mövqeyi iki ölkə arasındakı strateji tərəfdaşlığı zəiflədib. Ermənistan rəhbərliyinin Avropa İttifaqı və ABŞ-la yaxınlaşması, KTMT çərçivəsində Moskvanın öhdəliklərini yerinə yetirmədiyini iddia etməsi və son olaraq Rusiya hərbi bazasının çıxarılması ehtimalının gündəmə gəlməsi münasibətlərin soyumasına səbəb olub.
Bu proses Azərbaycan üçün həm yeni perspektivlər, həm də müəyyən risklər yaradır. Rusiya-Ermənistan münasibətlərindəki böhran Azərbaycan üçün Cənubi Qafqazda güc balansının dəyişməsi baxımından mühüm imkanlar açır. Lakin bu situasiya eyni zamanda regionda yeni geosiyasi riskləri də meydana çıxara bilər.
Ermənistan-Rusiya münasibətlərinin soyuması Azərbaycan üçün hansı perspektivlər və risklər yaradır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən rusiyalı politoloq Boqdan Bezpalko bildirib ki, bölgədəki geosiyasi dinamika Azərbaycanın təhlükəsizlik maraqları üçün mühüm çağırışlar yaradır:
"Xüsusilə, Cənubi Qafqazda qüvvələr balansının dəyişməsi və regional güclər arasında nüfuz mübarizəsinin güclənməsi Azərbaycanın strateji mövqeyini daha da həssas edir. Ermənistan-Rusiya münasibətlərindəki gərginlik və eyni zamanda Qərbin bu prosesə təsiri Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütmək zərurətini artırır. Digər tərəfdən, İranın regiondakı proseslərə reaksiyası da xüsusi diqqət tələb edir. İranın maraqları təkcə Ermənistan-Rusiya münasibətləri ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın güclənməsi və onun Türkiyə ilə əməkdaşlığının dərinləşməsi Tehranda narahatlıq yaradır. Bu faktorlar nəzərə alındıqda, Azərbaycan üçün əsas prioritet sabitliyi qorumaq, eyni zamanda regional və beynəlxalq güclərlə əlaqələrdə balansı saxlamaqdır".
Boqdan Bezpalko: Rusiya hələ də Ermənistanda hərbi mövcudluğunu qoruyur –ÖZƏL
Onun sözlərinə görə, Azərbaycan üçün əsas risk faktoru hərbi münaqişənin yenidən alovlanmasıdır:
"Rusiya hələ də Ermənistanda hərbi mövcudluğunu qoruyur və onu oradan sıxışdırıb çıxarmaq cəhdi Moskvada yalnız Cənubi Qafqazdan deyil, həm də Volqaboyundan və bütövlükdə Rusiya dövlətindən uzaqlaşdırmaq istəyi kimi qəbul oluna bilər. Bu, Rusiyada ciddi narahatlıq doğura bilər".
Politoloqun fikrincə, Ermənistan-Rusiya münasibətlərinin soyuması ilə bağlı bir sıra siyasi addımlar İran tərəfindən də mənfi qarşılanacaq. Həmsöhbətimiz qeyd edib ki, bu proses təkcə Ermənistan və Rusiyanın ikitərəfli münasibətləri ilə məhdudlaşmır:
"Burada ABŞ, İsrail və regionun əsas oyunçularından biri olan Türkiyənin maraqları da mövcuddur. Əsas məsələ isə aktorların mövqeyidir".
Əli Hüseynov