q
  • Bakı 20° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Ermənistan uzun illər Rusiyadan qopa bilməyəcək -  ŞƏRH

SİYASƏT

13 May 2026 | 16:10

Ermənistan uzun illər Rusiyadan qopa bilməyəcək -  ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin Moskvada 9 May paradından sonra keçirilən mətbuat konfransında Ermənistanı Ukrayna ssenarisi ilə hədələyib.

Jurnalistlərin suallarını cavablandıran Putin Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarnın xüsusi diqqət tələb etdiyini deyib. Bildirib ki, Ermənistan Aİ-yə qoşulmaq istəyirsə, referendum keçirməlidir: "Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarına gəldikdə isə, bu, xüsusi diqqət tələb edir. Biz bunu Baş nazir Paşinyanla dəfələrlə müzakirə etmişik. Burada xüsusi bir şey görmürük. Biz Ermənistan xalqına fayda verən hər şeyi dəstəkləyəcəyik. Əsrlər boyu Ermənistan xalqı ilə xüsusi münasibətlərimiz olub. Əgər müəyyən bir qərar Ermənistan xalqına fayda verərsə, biz buna qarşı çıxmayacağıq".

Onun fikrincə, Ermənistan Avropaya inteqrasiya məsələsində Moskvanın mövqeyini nəzərə almalıdır və buna görə də Putin referendum keçirilməsini məqsədəuyğun hesab edir. 

Ermənistanı açıq şəkildə təhdid edən Putin İrəvanı Kremlə tabe etdirə biləcəkmi?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan əzəldən Rusiyanın, daha dəqiq desək, Rusiya imperiyasının istəyi ilə siyasi xəritədə yer almış bir ərazidir. Təbii ki, həmin torpaqlar bizim əzəli ərazilərimizdir, türklərin, azərbaycanlıların yaşadığı ərazilər olub. Lakin Rusiya imperiyası vaxtilə erməniləri bu bölgəyə köçürməklə onlar üçün müəyyən şərait formalaşdırdı və bu günə qədər də erməni məsələsi, mən deyərdim ki, əsasən Rusiyanın himayəsində qalır. Baxmayaraq ki, Avropa ölkələri və ABŞ da erməni məsələsini öz daxili gündəliklərinə daxil ediblər:

"Mən hesab edirəm ki, Nikol Paşinyanın özü də Rusiyanın təsir dairəsindən tam çıxmaq niyyətində deyil. Çünki burada əsas məsələ iqtisadi problemlərin həllidir. Düzdür, Paşinyan siyasi manevrlər edir, Avropa Birliyinə inteqrasiya istədiklərini bildirir, bununla bağlı qanunvericilik addımları atılır, parlament qərar qəbul edir və sair. Amma reallıq ondan ibarətdir ki, Ermənistan problemlər yükü altında olan dövlətdir. Avropa İttifaqına isə Ermənistan əsasən öz ərazisinin strateji əhəmiyyətinə görə lazımdır. ABŞ də gizlətmir ki, Ermənistanın yerləşdiyi coğrafi məkan onlar üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu ölkə həm Rusiyaya, həm Türkiyəyə, həm də İrana yaxın mövqedə yerləşir".

İqtisadi məsələlərə gəldikdə isə, politoloqun sözlərinə görə, Ermənistan Rusiyadan sadəcə asılı deyil, faktiki olaraq ona möhtacdır. Təsadüfi deyil ki, seçkiöncəsi dövrdə Vladimir Putin, Dövlət Dumasının rəhbərliyi və digər rəsmi şəxslər Ermənistanla bağlı ardıcıl açıqlamalar verərək bildirirlər ki, Ermənistan nə etsə belə, Rusiyadan asılılığını aradan qaldıra bilməyəcək. Çünki ölkənin iri müəssisələrinin səhmlərinin böyük hissəsi Rusiya şirkətlərinin nəzarətindədir. Digər tərəfdən Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi müəyyən imtiyazlar əldə edir, malların daşınması, idxal və ixrac proseslərində güzəştlərdən yararlanır:

"Hətta hipotetik olaraq fərz etsək ki, Ermənistan sabah Avropa İttifaqına qəbul olunur, bu o demək deyil ki, Avropa dərhal onlara böyük iqtisadi dəstək göstərəcək və ya problemlərini həll edəcək. Bunlar daha çox xəyali gözləntilərdir. Vaxtilə, 2013-cü ildə Serj Sarkisyan Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa ciddi cəhd göstərirdi. Lakin Moskvanın təzyiqindən sonra ona açıq şəkildə bildirildi ki, təhlükəsizlik və hərbi məsələlər yenə də Rusiyanın nəzarətində qalacaq".

Tofiq Abbasov: Kremlin ritorikasının sərtləşməsi Ermənistana da, daxildəki siyasi qüvvələrə də mesaj xarakteri daşıyır

T. Abbasovun fikrincə, həmin dövrdən bu yana ciddi dəyişiklik baş verməyib. Vəziyyət əsasən eyni olaraq qalır. Avropa İttifaqı İrəvanda sammit keçirməklə Nikol Paşinyan hakimiyyətinə siyasi dəstək nümayiş etdirdi, müəyyən vədlər verdi. Amma bu, o demək deyil ki, həmin vədlərin hamısı reallaşacaq və ya Avropa Ermənistanın problemlər yükünü öz üzərinə götürəcək. Avropanın özünün kifayət qədər daxili problemləri var:

"Bəli, tranzit və strateji mövqe baxımından Ermənistan onlar üçün əhəmiyyətlidir və bunu gizlətmirlər. Bu səbəbdən bölgəyə ardıcıl missiyalar göndərilir, “müşahidəçi missiyası”, “hibrid təhlükələrdən qoruma” kimi bəyanatlar səsləndirilir. Amma bütün bunlar daha çox siyasi oyun və geosiyasi maraqlardan irəli gəlir. Əslində onları düşündürən erməni xalqının rifahı deyil, öz maraqları və təsir imkanlarının genişləndirilməsidir. Məqsəd Qafqaz vasitəsilə Orta Asiyaya çıxış əldə etmək, iqtisadi və strateji mövqeləri gücləndirməkdir".

Müsahibimiz qeyd edir ki, bu baxımdan Ermənistanın Rusiyaya möhtaclığı davam edir və mən hesab edirəm ki, uzun müddət də bundan qurtula bilməyəcək. Hətta Ermənistan daxilində də Rusiyadan tam uzaqlaşmaq istəyən ciddi siyasi iradə yoxdur. Bəli, qərbyönümlü partiyalar mövcuddur, amma onlar cəmiyyətdə həlledici gücə malik deyillər. Ermənistan cəmiyyətinin böyük hissəsi iqtisadi baxımdan Rusiyadan asılıdır. İnsanlar Rusiyada işləyir, qazandıqları vəsaiti Ermənistana göndərirlər. Təkcə pul köçürmələrinin həcmi illik təxminən 2 milyard dollara yaxındır:

"Digər tərəfdən, son illərdə Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan iqtisadi baxımdan müəyyən qazanc da əldə edib. Reeksport əməliyyatları həyata keçirir, sanksiyalara məruz qalan malların daşınmasında iştirak edir və bu prosesdən gəlir götürür. Ona görə də “çörək verən əli kəsməzlər” prinsipi ilə hərəkət edirlər.

Bu baxımdan Kremlin ritorikasının sərtləşməsi həm Ermənistana, həm də daxildəki siyasi qüvvələrə mesaj xarakteri daşıyır. Moskva göstərmək istəyir ki, Ermənistanın Rusiyaya ehtiyacı daha çoxdur. Mən inanmıram ki, Nikol Paşinyanın daxilən Rusiyadan tam qopmaq kimi ciddi və qəti istəyi var. Hazırda daha çox siyasi balans və oyun siyasəti aparılır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR