"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Bakıvaxtı.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əvəz Zeynallı ötən gün prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.
Xatırladaq ki, sentyabrın 7-də haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Xural TV-nin rəhbəri Əvəz Zeynallının hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən şantaj və hədə-qorxu yolu ilə 20 min manat pul alması, lakin daha sonra razılaşmanı pozaraq Rasim Məmmədovla bağlı şantaj kampaniyasını davam etdirdiyini yazıb. O, eyni zamanda Əvəz Zeynallının səs yazısını da yayıb.
Daha sonra isə vəkil Elçin Sadıqov məsələyə müdaxilə edərək, məlumatı təkzib edib. Bundan sonra E. Fətullayev Ə. Zeynallının pulu məhz vəkil Elçin Sadıqov vasitəsilə aldığını açıqlayıb.
***
10 sentyabr, 22:24
Saxlanılan jurnalist Əvəz Zeynallının vəkili Aqil Layıc istintaqın gedişindən danışıb.
"Unikal"ın məlumatına görə, o bildirib ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311-ci maddəsi (passiv rüşvətxorluq) ilə ittiham edilib:
"Bir neçə dəqiqə sonra Əvəz bəy Binəqədi Rayon Məhkəməsinə aparılacaq. Əvəz Zeynallı Baş Prokurorluqda dindirildiyi zaman istintaq hərəkətlərindən imtina edib".
***17:53
Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.
"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.
















