"Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Sammit çərçivəsində Azərbaycan və Ermənistanın iştriakı ilə beştərəfli görüşün keçirilməsi nəzərdə tutmalı idi. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Hicran Hüseynova bildirib.
O qeyd edib ki, Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb: "Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.
Əslində hər şey fərqli ola bilərdi. Amma son günlər rəsmi Bakını bu görüşdən imtina etməyə məcbur edən bir sıra hadisələr baş verdi. Fransa növbəti dəfə destruktiv, dağıdıcı rolunu oynadı. Bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ketrin Kolonna İrəvana səfər edib və orada o qədər əsassız və heç bir həqiqi fakta əsaslanmayan bəyanatlar verib ki, Fransanın Bakı ilə İrəvan arasında danışıqlarda “vasitəçi” olmasının mənası birdəfəlik aradan qalxdı. Biz həmişə Fransa siyasətində ermənipərəst mövqeyi görmüşük. Ancaq məhz Makronun prezidentliyi dövründə Fransa birmənalı olaraq işğalçı Ermənistanı müdafiə edir, hər fürsətdə Azərbaycana qarşı çıxışlar edir, təkliflər irəli sürür, müxtəlif təzyiqlər göstərir".
H.Hüseynova bildirib ki, 44 günlük müharibədən sonra Fransanın prezidenti Makron status-kvonun köklü, əsaslı və dönməz şəkildə dəyişdiyini başa düşməli idi: "Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında öz şərtlərini diktə edir. Və heç kim Azərbaycan Prezidenti İlham Əliyevin parlaq şəkildə həyata keçirilən strategiyası sayəsində yaranmış yeni konfiqurasiyaya təsir göstərə bilmir. Makron bunu ya başa düşmədi, ya da anlamaq istəmədi. O, Azərbaycana təzyiq göstərməyə davam edirdi. Ölkəmiz isə öz məqsədinə doğru inamla addımladı. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, o, nəyi, nə vaxt və necə edəcəyini mükəmməl bilir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror əməliyyatı buna daha bir gözəl sübut oldu. Nəticədə BMT-nin qətnamələri yerinə yetirildi. O cümlədən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda artıq otuz il əvvəl bu qətnamələrdə çıxarılması qeyd olunan qanunsuz erməni silahlı birləşmələri yoxdur. Ölkəmizin bu guşəsində Qarabağ xuntası yoxdur. O, özünü ləğv etdiyini açıqladı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Azərbaycanda erməni separatizminə nəhayət ki, son qoyuldu. Bununla barışmaq istəməyən Fransa yenə də normallaşma və sülh prosesinə əngəl yaradan cəhdlər edir. Fransa Cənubi Qafqazda güclənməyə çalışır, lakin o regiondakı real vəziyyəti nəzərə almır. Azərbaycan bütün məsələləri həll etdi. Azərbaycan tam suveren ölkədir və müstəqil siyasət aparır. Prezident İlham Əliyev Türkiyənin iştirakına imkan verilmədiyi və Azərbaycana qarşı haqsız münasibət bəsləndiyi üçün Qranada səfərindən imtina etməsi bunun əyani sübutudur".
Ramid İbrahimov
















