Xəbər verdiyimiz kimi, dünən Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib.
Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzü, professor Tahirə Allahyarova Bakıvaxtı.az-a açıqlamasında anti-Azərbaycan qətnaməsini qətiyyətlə rədd edildiyini bildirib.
“Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, Ermənistan alimi Abel Aqanbekyan 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri demişdir: “Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”.
Abel Aqanbekyanın bədnam bəyanatı ərazi iddiasının start atəşinə çevrilmişdi. Üzərindən əsrin dörddə birinə qədər vaxt keçib, lakin o vaxt sovetlərin dağılmasına hesablanan və ermənilərin fitvası ilə başlanan müharibə qərarı eyni dalğa və şifrədə Fransa Senatının dünən qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ilə ahəngdarlıq təşkil edir.
Dünya erməniliyi və himayədarları revanşizm siyasəti yönündə-Azərbaycanın qalib imicinə zərbə vurmaq, sülh danışıqlarını qeyri-müəyyən vaxta qədər uzatmaq, “3-cü Qarabağ savaşı” narrativləri ilə ölkə daxilində sabitliyə təsir etmək məqsədi ilə planlar həyata keçirməkdədir. Burada başlıca silah kimi- 44 günlük müharibənin Zəfər xronikası, dövlətimizin nəhəng geosiyasi layihələrinin işə salınması, yaxud sülh danışıqlarının ərəfəsi olan xüsusi siyasi təqvimlərdə idarə edilən total və aqressiv dezinformasiya hücumu tətbiq edilir”, - deyə T.Allahyarova bildirib.
O qeyd edib ki, AŞPA və Avropa Parlamentində, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik idarəçilik sistemində vəzifələrə yerləşməklə qlobal şəbəkə formalaşdırıb: “Bu şəbəkəyə postmüharibə dövründə, bütün mümkün yollarla yeni üzvlər cəlb edilir. Əsas məqsəd/yenilik: Azərbaycana qarşı atılan addımlarda müxtəlif adlar/təşkilatlar arxasında daha dərindən maskalanmaq, dezinformasiyaya “obyektivlik” görüntüsü vermək üçün riyakarlığı maksimum həddə yüksəltmək, ifşa edilmək imkanlarını minimuma endirməkdir”.
Ramid İbrahimov
















