"Fransanın mövqeyi ATƏT-in Minsk Qrupu həmsədri olduğu dönəmdən bəllidir".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Ankara Universitetinin preofessoru, politoloq Toğrul İsmayıl deyib.
Professor diqqətə çatdırıb ki, Fransa obyektiv olmayan, tərəf tutan, hər zaman ermənipərəst mövqedə dayanan bir ölkədir: "Fransanın Cənubi Qafqazda, Anadolu coğrafiyasında, Aralıq dənizində, Yaxın Şərqdə öz maraqları var. Onun qarşısındakı güc Azərbaycan və Türkiyə ittifaqıdır. Fransanın anti-türk siyasəti illərdir davam edir. Ancaq Avropa ölkəsinin beynəlxalq hüququ bu şəkildə çiynəməsi, pozucu hərəkətləri, separatizmi açıq formada dəstəkləməsi qəbuledilməzdir”.
Müsahibimiz qeyd edib ki, Fransa dünyada terrora dəstək verən ölkələrdən sayılır: “O baxımdan rəsmi Parisin mövqeyi heç vaxt konstruktiv olmayıb və sülhə xidmət etməyib”.
T.İsmayıl Fransanın anti-Azərbaycan siyasətinin sülhə tamamilə mane olacağını düşünmür. Hesab edir ki, sadəcə prosesi ləngidə bilər. Onun sözlərinə görə, istənilən halda bölgədə sülhdən vaz keçmək xoş olmayan hadisələrə gətirib çıxaracaq. Bu da Ermənistanın lehinə olmaz.
“Regionda marağı olan güclər də bilməlidir ki, Azərbaycanın tutduğu mövqe, irəli sürdüyü işbirliyi Cənubi Qafqazdakı geosiyasi konyukturanı dəyişdirib. Əlbəttə, diplomatik mübarizə davam edəcək. Maraqlar və mənfəətlər fərqlidir. Amma ümumi proses Azərbaycanın lehinə olacaq", - deyə Toğrul İsmayıl əlavə edib.
Qeyd edək ki, Fransa və Ermənistan xarici işlər nazirləri telefonla danışaraq “Azərbaycanın Laçın dəhlizini blokadaya alması nəticəsində Qarabağda yaranmış humanitar böhranı” müzakirə ediblər. Fransa tərəfinin məlumatına görə, nazir Katrin Kolona Qarabağ əhalisinin səkkiz aydan artıqdır davam edən "blokada"nın nəticələrindən əziyyət çəkməsi ilə bağlı dərin narahatlığını ifadə edib. O, Azərbaycanın atəşkəs razılaşması üzrə götürdüyü öhdəliklərə zidd olan və danışıqlar prosesinə ziyan vuran davamlı "blokada"dan təəssüfləndiyini bildirib. Fransa yenidən Azərbaycanı Laçın yolu vasitəsilə sərbəst hərəkəti bərpa etməyə çağırıb. Habelə Qarabağdakı erməni əhaliyə "humanitar dəstək" məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə əlavə 3 milyon avro ianə edəcəyini bildirib.
Aydın Baxış
















