• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyaya qarşı plan: 4400 səhifəlik sənəddə nələr var? - ŞƏRH

GÜNDƏM

15 Sentyabr 2023 | 14:16 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyaya qarşı plan: 4400 səhifəlik sənəddə nələr var? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın “Politico” nəşrinə müsahibəsində növbəti dəfə Rusiya əleyhinə açıqlamalar verib. Baş nazir bildirib ki, Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz.

Paşinyan deyib ki, Ermənistanın bu vəziyyətdə strategiyası başqalarından asılılığını maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır: "İrəvanda Vladimir Putinin əsgərlərinin Qafqazda sülhü qorumağa istəkli olub-olmadıqları ya da bunu edib-etməyəcəkləri mövzusunda narahatlıqlar artır. Əgər biz daimi və əbədi dövlətə sahib olmaq istəyiriksə, ilk növbədə çox ciddi addımlar atmalı, qonşularımızla münasibətlərimizi yaxşılaşdırmaq üçün çox ciddi səylər göstərməliyik".

Baş nazir müttəfiqi Rusiyadan asılılığın qırılmalı olduğunu etiraf etməklə yanaşı, həm də etiraf edib ki, Qərb ölkələrinin Ermənistana ehtiyacı olan hərtərəfli dəstəyi təklif etməsi üçün qarşıda uzun bir yol var.

Politoloq Sülhəddin Əkbər Bakıvaxtı.az-a açıqlamasında deyib ki, artıq Ermənistanın Rusiyaya mesajlar vermək mərhələsi arxada qalıb.

Onun sözlərinə görə, mesajlar Rusiyaya çoxdan verilirdi: "Ən güclü və ilk ciddi mesaj KTMT-nin İrəvanda keçirilən sammitində verildi. Paşinyan canlı efirdə nümayişkaranə şəkildə yekun sənədi imzalamaqdan boyun qaçırdı. Ardınca KTMT-nin Ermənistanda təlimlərinin keçirilməsinə icazə vermədi və təşkilatın təlimlərində iştirakdan imtina etdi. Rusiya və KTMT-yə inamsızlıq, ABŞ-la birgə təlimlərin keçirilməsi, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun hökumətin qərarı ilə ratifikasiyası üçün parlamentdə göndərilməsi, baş nazirin xanımının Ukraynaya səfəri və humanitar yardım göstərilməsinə başlanması, nəhayət Nikol Paşinyanın Qərb mətbuatına verdiyi mesajlar artıq sistem xarakteri alıb”.

S.Əkbər deyib ki, təkcə ritorika ilə bitmir, həm də konkret addımlar var. Xüsusən, əllə tutulan iki ciddi addım var: “Birincisi, KTMT təlimlərindən imtina edərək əvəzinə ABŞ-la birgə təlimlərin keçirilməsi, ikincisi isə birbaşa Rusiya rəhbərinə qarşı yönəlmiş addımın atılması və Roma statusunun ratifikasiyası məsələsidir. Paşinyan bilməmiş deyil ki, Beynəlxalq Cinayət Məhkəməsinin bu ilin mart ayının 17-də Putinin həbsinə dair orderi var. Ukrayna savaşında Rusiyanın düşdüyü vəziyyət, yeni dünya nizami uğrunda gedən geopolitik savaşın həlledici mərhələyə daxil olması və Rusiyanın strateji planda uduzmasının görünməsi, bütün postsovet məkanında, o cümlədən Cənubi Qafqazda təsirinin azalması İrəvanda da nəzərə alınır. Ona görə düşünmürəm ki, bəyanatlar sadəcə Rusiyaya mesajdır, siyasi-diplomatik təzyiqlərdir. Bunun arxasında reallıqlar dayanır".

Həmsöhbətimiz bir məsələni də xüsusi olaraq diqqətə çatdırıb: "NATO-nun sonuncu sammitində mühüm qərarlar qəbul olunub. Qərarlardan biri də odur ki, soyuq savaş bitəndən sonra ilk dəfədir ki, Rusiyaya qarşı müdafiə planı qəbul olunub. Çox detallı, 4400 səhifəlik plandır. Cənub komandanlığının liderliyi Türkiyəyə həvalə olunub. Heç təsadüfi deyil ki, bunu Ermənistanın baş naziri də bilir. Dərk edir ki, regionda Türkiyənin və Türkiyə ilə birlikdə NATO-nun təsir imkanları artacaq. Yəni regionda Türkiyə ilə hesablaşmadan Ermənistanın Qərblə yaxınlaşmaq mümkün olmayacaq. Ərdoğan-Paşinyan arasındakı telefon danışığını da bu kontekstdə dəyərləndirmək lazımdır".

Sülhəddin Əkbər vurğulayıb ki, Rusiya Ermənistanda Paşinyan hökumətini devirmək üçün bütün metodlardan istifadə edib: "Qalan yeganə üsul Paşinyana qarşı sui-qəsdin təşkil olunmasıdır. Zəhərlənmədən tutmuş atəşli silahdan istifadə etməyə qədər. ABŞ başda olmaqla, Qərb kəşfiyyatı bunu bilir. Düşünürəm ki, Paşinyanın həm öz imkanları daxilində, həm də inandığı Qərb dövlətlərinin kəşfiyyat xidmətləri tərəfindən onun mühafizəsi gücləndirilib. Hansısa siyasi-diplomatik təzyiqlə, kütləvi hərəkatla, anti-məxməri inqilabla Paşinyanın devrilməsinin mümkün olduğuna inanmıram. İqtisadi təzyiqlərə gəldikdə isə Rusiya bundan çəkinir. Çünki bu, Rusiyanın əleyhinə işləyə bilər. Onsuz da Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclüdür".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026