Məlum olduğu kimi, 26.04.2023-cü il tarixində saat 09:50 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın Yoluxucu şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.
Eyni zamanda tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir.
Qeyd edək ki, hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Məlumat üçün bildirək ki, xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
11:25
TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Qeyd edilib ki, hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir.
Bildirilib ki, artıq 58 nəfər təxliyə edilib və vəziyyət nəzarət altındadır.
***
Baş Prokurorluğun Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
10:37
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
10:17
Gəncədə yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az -ın məlumatına görə, hadisə Abbas Səhhət adına xəstəxanada baş verib. Xəstəxanada anidən yanğın başlayıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.















