Son illərdə Azərbaycanda ali təhsil müəssisələrinin proqramlarının əmək bazarının tələblərinə uyğunluğu getdikcə daha çox müzakirə mövzusuna çevrilir.
Təhsil sistemində tədris olunan ixtisaslar və kurslar real iqtisadiyyatın, texnoloji inkişafın və müəssisələrin ehtiyaclarını nəzərə almadan hazırlanarsa, gənclərin işsizlik səviyyəsi yüksələ bilər. Belə ki, tələbələr universitetdən məzun olduqdan sonra bacarıq və biliklərini praktik sahədə tətbiq etməkdə çətinlik çəkirlər, bu da həm fərdi, həm də cəmiyyət səviyyəsində sosial və iqtisadi problemlərə gətirib çıxarır.
Əgər ali təhsil proqramları əmək bazarının real tələblərinə uyğunlaşmasa, gənclərin işsizlik səviyyəsi hansı səviyyəyə qədər arta bilər və bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli deyib ki, ümumiyyətlə, gənclərin işsizlik səviyyəsi sürətlə artır. Hətta ali təhsilli, o cümlədən magistratura pilləsini bitirmiş məzunlar da hələ ki, iş tapmaqda müəyyən çətinliklərlə üzləşirlər:
"Bu, əsasən ali təhsil müəssisələrinin maddi-texniki bazasının indiki əmək bazarının tələblərinə uyğun məzunlar hazırlamaması ilə əlaqədardır. Ona görə də yaxşı olardı ki, ali təhsil müəssisələri Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərlə müqavilələr bağlayaraq onlara ehtiyac duyduqları səviyyədə kadrların hazırlanmasında kömək etsinlər".

Məzahir Məmmədli: Universitetlər öz maddi-texniki bazasını yeniləmədikcə bu problem davam edəcək
Onun sözlərinə görə, texniki sahələrdə müəyyən qədər tələbat ödənilə bilər. Lakin informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi kimi sahələrdə məzunlar əlavə hazırlıq almadan, xaricdən və ya daha təcrübəli mütəxəssislərdən dəstək olmadan əmək bazarında işləyə bilmirlər:
"Humanitar sahələrdə isə iş imkanları daha da məhduddur. Bazarda tələb artıq məhdudlaşdığından, humanitar ixtisas üzrə ixtisaslaşmış kadrların işsizlik riski davam edir və onlar müəyyən çətinliklərlə üzləşə bilərlər. Ümumilikdə ali təhsil müəssisələrinin maddi-texniki bazası çox köhnədir. Bəzi laboratoriyalar hələ 30 il əvvəl qurulmuş, bəziləri isə sovet dövründən qalma şəraitdə fəaliyyət göstərir. Bu laboratoriyaların modernləşdirilməsi və günün tələblərinə uyğun formalaşdırılması vacibdir ki, məzunlar ixtisaslarına uyğun şəkildə işləyə bilsinlər".
Məzahir Məmmədli onu da vurğulayıb ki, əks halda, bu vəziyyət daha da dərinləşərək ümumi işsizliyə gətirib çıxara bilər. Universitetlər öz maddi-texniki bazasını yeniləmədikcə bu problem davam edəcək.
Əli Hüseynov
Bakı 




