• Bakı C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Dəyişən gender balansı: Qadın daha çox “kişiləşmiş”, kişi isə “arıqlamış” rol yaşayır

CƏMİYYƏT

23 Fevral 2026 | 14:22

Dəyişən gender balansı: Qadın daha çox “kişiləşmiş”, kişi isə “arıqlamış” rol yaşayır

Son illər Azərbaycanda qadınların ictimai-siyasi fəallığının artması cəmiyyətin sosial strukturunda mühüm dəyişikliklərə yol açır. Bir tərəfdə qərarvermə proseslərində daha çox yer almaq istəyən yeni nəsil qadınlar, digər tərəfdə isə uzun illərdən bəri formalaşmış patriarxal dəyərlər dayanır.

Bu ziddiyyətlər həm ailə institutunda, həm də ictimai müzakirələrdə özünü daha qabarıq göstərməyə başlayıb.

Müasir həyatın tələbləri ilə patriarxal norma və davranış modelləri arasında balansı təmin etmək üçün cəmiyyət hansı institusional və sosial dəyişikliklərə hazır olmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Ezgi Şahin deyib ki, müasir cəmiyyətlərdə qadınların ictimai-siyasi fəallığının və iqtisadi imkanlarının artması təkcə onların şəxsi inkişafı baxımından deyil, həm də ailə və sosial münasibətlər kontekstində yeni dinamikanın formalaşmasına səbəb olur:

"Bir tərəfdən qadının öz maddi imkanlarını təmin etməsi, qərar vermə proseslərində aktiv mövqe tutması və ailənin iqtisadi yükünü öz üzərinə götürməsi özünəinamın yüksəlməsi ilə nəticələnir. Digər tərəfdən, belə dəyişikliklər uzun illərdir cəmiyyətdə kök salmış kişi–qadın iyerarxiyasını müəyyən qədər sarsıdır".

Onun sözlərinə görə, əgər qadın ailə daxilində həm iqtisadi, həm də sosial lider rolunu öz üzərinə götürməyə başlayırsa, bu zaman münasibətlərdə klassik rollar dəyişir və tərəflər psixoloji olaraq bu yeni situasiyaya uyğunlaşmaqda çətinlik çəkə bilirlər:

"Qadın müəyyən müddətdən sonra özünü “ailənin dayağı” kimi hiss edir, kişi isə təbii olaraq bu rolu öz üzərində görmədikdə daxili narahatlıq yaşayır. Bu, kişi psixologiyasında “rolun əldən alınması” və ya “dişilən tərəfə çevrilmək” kimi hisslərlə müşayiət olunur".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda bəzi sektor və xidmət sahələrində qadınların əməkhaqqı kişilərdən daha yüksəkdir:

"Bu tendensiya qadınların əmək bazarında aktivləşməsi ilə həm müsbət, həm də mürəkkəb nəticələr yaradır. Müsbət tərəfi odur ki, qadınlar iqtisadi müstəqillik qazanır, öz bilik və bacarıqlarını daha sərbəst şəkildə inkişaf etdirə bilirlər. Lakin digər tərəfdən, kişilərin daha aşağı qazanc əldə etməsi onların qadınlarla rəqabətə girməsinə, bəzən isə özlərini sosial baxımdan daha az dəyərli hiss etməsinə gətirib çıxarır".

Ezgi Şahin: Müəyyən yükü daşıyan qadın, özünü lazımsız hiss edən kişi arasında əlavə psixoloji təzyiq formalaşır

Ezgi Şahin əlavə edib ki, kişilərdə güc, himayədarlıq və ailəni təmin etmək kimi sosial gözləntilər hələ də güclü olduğundan, bu balansın pozulması onlarda özünəinamın zəifləməsinə səbəb ola bilər:

"Belə vəziyyətdə kişi cəmiyyətdə və ailədə öz ənənəvi rolunu itirdiyini düşündükcə, münasibətlərdə gərginlik, emosional distansiya və hətta kommunikasiya problemləri yarana bilər. Bu isə həm artıq müəyyən yükü daşıyan qadın, həm də özünü lazımsız hiss edən kişi arasında əlavə psixoloji təzyiq formalaşdırır".

Psixoloq söyləyib ki, uzunmüddətli perspektivdə bu proses sosial sistem üçün də arzuolunan deyil. Çünki gender rollarının həddindən artıq dəyişməsi və ya bir tərəfin üzərinə həddən artıq yükün düşməsi, münasibətlərdə harmoniyanın pozulması ilə nəticələnir:

"Tərəflər bir-birlərinə uyğun olmayan enerjilərin daşıyıcısına çevrilir, yəni qadın daha çox “kişiləşmiş” rol, kişi isə daha çox “arıqlamış”, yəni passivləşmiş rol yaşayır. Bu isə nə ailə institutu, nə psixoloji rifah, nə də cəmiyyətin gələcək inkişafı baxımından sağlam model deyil".

Sonda müsahibimiz bəyan edib ki, burada əsas problem qadının yüksəlməsi deyil, kişilərin bu dəyişikliklərə adaptasiya mexanizmlərinin zəif olması, gender rollarının cəmiyyət tərəfindən yenilənmiş şəkildə tərtib olunmamasıdır. Cəmiyyət yeni reallığa uyğunlaşa bilmədikdə, tərəflər özlərini başqasının rolunda tapır, bu isə psixoloji qeyri-müvazinət yaradır:

"Bu səbəbdən cəmiyyətin gender balansına yeni baxış formalaşdırması, qadının iqtisadi güclənməsini qəbul etməsi, lakin eyni zamanda kişinin psixoloji və sosial rolunu dəstəkləyəcək mexanizmlər yaratması vacibdir. Əks halda balans pozulur və hər iki cins özünə aid olmayan bir rolu daşımağa məcbur olur ki, bu da münasibətlərin sağlamlığı üçün təhlükə yaradır"

Əli Hüseynov


SON XƏBƏRLƏR