• Bakı C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Peşəkarlar sistemli şəkildə TV-lərdən kənarlaşdırılır - Telejurnalist

MEDİA

23 Fevral 2026 | 12:48

Peşəkarlar sistemli şəkildə TV-lərdən kənarlaşdırılır - Telejurnalist

“Azərbaycan televiziyaları ciddi islahat mərhələsinə ehtiyac duyur. Bu, artıq emosional narazılıq deyil - sistem problemidir”.

Bunu Bakıvaxtı.az-a televiziya jurnalisti Rauf Rəcəbov deyib.

Onun sözlərinə görə, illərdir ekran mədəniyyətini formalaşdırmış peşəkar televiziyaçılar kənarda qalıb, qərarverici postlara isə çox zaman televiziya idarəçiliyinin mahiyyətini anlamayan şəxslər gətirilib.

Bu gün televiziyalarımızın qarşısında eyni sual dayanır: televiziya nə üçündür? Reytinq naminə qalmaqal istehsal etmək üçünmü, yoxsa cəmiyyətə istiqamət vermək üçün?

R.Rəcəbov deyib ki, televiziya sadəcə şou deyil:

“Televiziya milli ideologiyanın platforması, ictimai düşüncənin formalaşdığı məkandır. Bu məsuliyyəti anlamayan rəhbərlik isə proqram siyasətini strateji baxışla deyil, gündəlik reytinq cədvəli ilə qurur. Nəticədə efir məkanında səthi müzakirələr, süni qalmaqallar və təsadüfi simalar çoxalır, analitik verilişlər, sənədli layihələr, ictimai debatlar isə azalır”.

Onun sözlərinə görə, ən təhlükəli tendensiya isə budur: peşəkarlar sistemli şəkildə kənarlaşdırılır. Müsahibimiz qeyd edib ki, uzun illər televiziya məktəbi keçmiş rejissorlar, redaktorlar, prodüserlər işsiz qalır və ya qərarvermə prosesindən uzaqlaşdırılır. Onların yerini isə media idarəçiliyində təcrübəsi olmayan şəxslər tutur. Televiziya məktəbi olmadan televiziya qurmaq mümkün deyil.

Rauf Rəcəbov: Televiziyanın dəyərini anlamayanlar onu idarə etdikcə, nəticə dəyişməyəcək

“Əgər rəhbərlik prinsipi dəyişməzsə, nəticə də dəyişməyəcək. Şou əhli ilə struktur idarə etmək olmaz. Televiziya idarəçiliyi kreativ düşüncə ilə yanaşı, strateji planlama, kadr siyasəti, kontent balansı və ictimai məsuliyyət tələb edir”, - deyə Rəcəbov əlavə edib.

Telejurnalist bildirib ki, bu gün tamaşaçı əvvəlki kimi deyil. Dediyinə görə, rəqəmsal platformalar, sosial şəbəkələr, alternativ media mənbələri var. Tamaşaçı keyfiyyət tələb edir və seçim imkanına malikdir. Əgər televiziya özünü yeniləməsə, tamaşaçı onu sadəcə fon səslənməsi kimi qəbul edəcək.

“Azərbaycan televiziyalarına kosmetik dəyişiklik yox, konseptual islahat lazımdır.

Əks halda, ekran məkanı tədricən nüfuzunu itirəcək.

Televiziya təsadüfi idarəçilik meydanı deyil. O, dövlətin və cəmiyyətin ən güclü kommunikasiya alətlərindən biridir. Bu alətin dəyərini anlamayanlar onu idarə etdikcə, nəticə dəyişməyəcək”, - Rauf Rəcəbov vurğulayıb.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR