Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində özünü Türkiyə Respublikasının vətəndaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən çəkilən və ölkəmizin gömrük orqanlarına qarşı əsassız iddiaların yer aldığı video yayımlanıb. Videoda həmin şəxslər gömrük-sərhəd keçid məntəqələrindən birində onlardan qanunsuz ödənişlərin tələb olunduğunu və alınan vəsaitə görə qəbz verilmədiyini iddia edirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
Qeyd edilib ki, Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları tərəfindən dərhal aparılan araşdırma zamanı həmin videonun Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisində qeydə alındığı müəyyən olunub. Lakin videonun qeydə alındığı və həmin şəxslərin ödəməni həyata keçirdiyi məkan limanın giriş qapısında, gömrük zonasının xaricindədir: "Yəni, hadisə gömrük zonasından kənarda baş verib. Onların ödədiklərini iddia etdikləri vəsaitlərin gömrük orqanlarına aidiyyəti yoxdur. Belə ki, limanda perron, körpü, gəmi və parklanma üçün göstərilən xidmətlərə görə alınan vəsait gömrük orqanlarının səlahiyyətinə aid deyil”.
Bildirilib ki, Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma nəticəsində ölkə ərazisinə giriş-çıxış zamanı həmin şəxslərdən hər hansı gömrük ödənişlərinin alınmadığı müəyyən edilib: “Onu da qeyd edək ki, mövcud qanunvericiliyə görə sərhədkeçmə proseslərində motosikletlərdən, ümumiyyətlə hər hansı ödəniş tələb olunmur”.
Ramid İbrahimov
















