Son zamanlar plastik əməliyyata maraq daha da artıb. Gözəl görünmək istəyənlər bunun yolunu əməliyyat masasında tapmağa çalışırlar. Tapanlar var, amma nə yazıq ki, “gözəllik qurbanı” olanların da sayı az deyil.
Bəs gənclərin gözəl görünmək istədikləri halda həyatlarından olmalarına səbəb nədir? Gözəllik qurbanlarının yaxınları bunda birbaşa hakimləri ittiham edirlər.
Elə mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Türkiyədə çalışan azərbaycanlı estetik cərrah Ruhid Hikmətli də səbəb kimi ilk olaraq praktik-prosesual qeyri-peşəkarlığı görür. Onun sözlərinə görə, sonra isə əməliyyatdan öncəki analizlərin düzgün təhlil olunmamasıdır.
Müsahibimiz bildirib ki, bəzən normativilər pozulur:
“Yəni, əğər burun əməliyyatında pasiyentin burun quruluşu elə ola bilər ki, onun istədiyi formanı vermək olmaz. Nəticə etibarilə burundaxili birləşmə yarana bilər, gələcəkdə burundan nəfəs alması mümkün olmaz. Amma pasiyentin estetik görüntü tələbini yerinə yetirmək üçün cərrah bu riskə gedir, pulunu alır, pasiyent də bədbəxt günə qalır”.
Estetik cərrah liposaksiya əməliyyatından da danışıb, Dediyinə görə, elə pasiyentlər ola bilər ki, onun orqanizmində mayelər mübadiləsi balansı pozulub: “Belə pasiyentlərdə liposaksik cərrahiyə riski olduqca yüksəkdir”.
R.Hikmətli qeyd edib ki, ümumi götürsək, bütün estetik əməliyyatlarda bir normativ var. Onun sözlərinə görə. hətta qaş qaldırmağın belə maksimal ölçüsü var: 3-4 sm.
“Əksər hallarda pasiyentin istəyi ilə bu normativlər üst-üstə düşmür. Cərrah riski görə-görə pul üçün bunu görməzdən gəlir. Nəticədə də belə hallar baş verir”, - deyə Ruhid Hikmətli vurğulayıb.
Nərgiz Məmmədli