“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanın Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə haqqında məlumat yayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, ADY-dən bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.
Qurumdan təəssüflə qeyd edilib ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb.
"Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır. Hadisənin baş vermə səbəbləri araşdırılır”, - deyə ADY-nin açıqlamasında bildirilir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.






jpeg-1687791511.webp)









