Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir partiya fəaliyyətinə xitam verib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Kommunist Partiyası fəaliyyətini dayandırmaqla ölkədə özünü buraxan partiyaların sayı 18-ə çatıb.
Yayılan xəbərlərə görə,fəaliyyətini dayandıran partiyaların sayı getdikcə artacaq. Özünü buraxacaq partiyalardan birinin də Hafiz Hacıyevin rəhbərlik etdiyi Müasir Müsavat Partiyasının olacağı deyilir.
MMP sədri Hafiz Hacıyev Bakıvaxtı.az-a deyilənləri təkzib edib. Onun sözlərinə görə, sədri olduğu partiya fəaliyyətini bundan sonra da davam etdirəcək:
“Onlar hamısı boş söhbətlərdir. "Cənab prezidentin siyasi partiyalarla bağlı fərmanına uyğun müəyyən tələblər var. O tələbləri kim ödəyəcəksə, qeydiyyata düşəcək. Bizim partiyanın bağlanacağı barədə deyilənlər şaiyədir, Azərbaycanı istəməyən radikal qüvvələrin fikirləridir. Bizim heç bir narahatlığımız yoxdur, deyilən şərti ödəmişik. 5 mindən artıq imza yenidən toplanıb, yaxın günlərdə təqdim ediləcək. O adamlar narahat olsun ki, bir özüdür, bir də “papka”sı. Yenə deyirəım, söylənilənlər hamısı yalandır. Onu yayanlar müxalif təşkilatlara işləyən qüvvələrdir. Partiyaların qeydiyyatdan keçməsi üçün tələb olunan 5 min nəfər azdır. Mən təklif vermişdim ki, 10 min üzvü olan partiyalar qeydiyyatdan keçsin. İndi yoxdursa, bir özü, bir "papka"sıdırsa, neynəməlidir?!”
H.Hacıyev qeyd edib ki, hansısa partiya sədri qanunsuzluq edirsə, dövlət nə etməlidir?! "Bu məsələlər çox şişirdilir, dövlətin üzrəinə düşülür. Mənim də vaxtilə müavinim olub, ayrılıb gedib, partiya qurub, amma özündən başqa heç kimi yoxdur".
Onun iddiasına görə, rəhbərlik etdiyi MMP Azərbaycanda ən böyük partiyadır: "Dörd dəfə prezident seçkilərində iştirak edib 60-80 min imza toplamış partiyaya nə demək olar ki?! Ona görə də o söhbətlərin hamısı boş sözlərdir. Düşünürəm ki, bu şaiyələrə uymaq lazım deyil. Hər halda, demokratik dövlətdə yaşayırıq, hər şey öz yerini alacaq”.
Aytac Aslan
















