• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hansı universitetlərdə tam əyani tədris bərpa olunur? - SİYAHI

CƏMİYYƏT

17 May 2022 | 13:00

Hansı universitetlərdə tam əyani tədris bərpa olunur? - SİYAHI

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Bununla yanaşı, Azərbaycanda karantin qaydalarında edilən yumşalmalar ali təhsil müəssisələrində əyani tədrisin bərpasını zəruri edir.  Bəs hansı universitetlərdə tam əyani tədris bərpa olunur?

Təhsil Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, müvafiq qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələri təhsil formalarını müəyyənləşdirməkdə sərbəstdirlər.

Bakıvaxtı.az universitetlər arasında apardığı sorğunu təqdim edir:

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva:

“Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dək qüvvədə olduğuna görə Bakı Dövlət Universitetində tədris həftənin iki günü onlayn, üç günü ənənəvi olmaqla hibrid formada davam edir.

Lakin yeni dərs ilindən ənənəvi tədris bərpa olunacaq. Eləcə də BDU-nun Yay Məktəbində dərslər ənənəvi formada keçiriləcək”.

Azərbaycan Texniki Universitetin mətbuat katibi Sevinc İsgəndərova:

“Bildiyimiz kimi, yaz semestri başlamazdan əvvəl AzTU-nun Elmi Şurası pandemiya dövründə karantin rejiminin mövcud məhdudiyyətlərini nəzərə alaraq tədrisin hibrid formada təşkilinə qərar verib. Çünki tam ənənəvi tədrisə keçidlə bağlı Təhsil Nazirliyi tərəfindən universitetlərə heç bir tapşırıq verilməmişdi. Mayın 1-də isə ölkədə tibbi maskalardan istifadə ləğv olundu. Bu qərar veriləndə artıq semestrin bitməsinə 4 tədris həftəsi qalırdı. Belə olduqda qısa müddətdə dərs cədvəllərinin yenidən tərtibi və tələbələrin də buna fiziki olaraq necə adaptasiya olacağı ilə bağlı məsələlər müzakirə olundu. Qarşıdan imtahan sessiyası gəlir və tələbələr imtahanlara hazırlıq qrafiklərini də dərs cədvəllərinə uyğun qurublar. Semestrin sonuna qısa müddət qalmış tam olaraq ənənəvi tədrisə keçidlə bağlı qərarın verilməsi tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilərdi.  Bu səbəbdən də dərslər hibrid formada davam etdirilir.

Artıq imtahan sessiyasının başlamasına təxminən 2 həftə qalıb. İmtahanlar ötən semestr olduğu kimi ənənəvi formada təşkil olunacaq. Əgər pandemiya şəraiti ölkəmizdə belə davam etsə, yəni karantin rejimində hər hansı məhdudiyyətlər tətbiq olunmasa, yeni tədris ilindən tam olaraq ənənəvi tədrisə keçməyi planlaşdırırıq”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı:

“ADU-da təhsil ənənəvi formada davam edir. Hazırda bizdə məsafədən, onlayn təhsil yoxdur. İmtahanlar da ənənəvi şəkildə təşkil olunacaq”.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova:

“Tədris ilinin artıq sonuna yaxınlaşırıq. Gələn həftədən imtahanlar başlayacaq. Pandemiyanın şərtləri elə zamanda yumşaldıldı ki, artıq bizdə semestrin təşkili üzrə qaydalar təsdiq olunmuşdu. Beləliklə, bizdə mühazirələrin onlayn, seminarların isə oflayn keçirilməsi qərarlaşdırılmışdı. Tədris başlayandan sonra cədvəli yenilənəmk çox çətindir. İndi isə semester bitir. Yeni tədris ilindən isə dərslər karantin qaydalarına uyğun olaraq davam etdiriləcək. O zaman baxacağıq ki, tədris onlayn, yoxsa ənənəvi qaydada keçirilməlidir”.

Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynab Kazımova:

“BSU-da tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli sərəncama uyğun olaraq həyata keçirilir. Belə ki, sözügedən sərəncamdan irəli gələrək, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının tələbləri gözlənilməklə, BSU-da dərslərin 90%-nin əyani keçirilməsi təmin olunub. Filologiya və Əlavə təhsil fakültəsi, o cümlədən magistraturada əyani tədris tam bərpa olunub. Digər fakültələrdə əyani və onlayn dərslərin nisbətinə baxsaq, dərslər 90 faizədək əyani keçilir”.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Elman Babayev:

“Bildiyiniz kimi, karantin rejiminin şərtləri artıq yumşaldılıb, bununla belə müddət 1 iyul tarixinədək uzadılıb. Yumşaldılmalar nəzərə alınaraq hazırda BMU-da dərslərin əksəriyyətinin əyani şəkildə aparılması bərpa edilib. Bununla belə dərslərin bəziləri onlayn formada keçirilir. Hər hansı yeni qərar olmayacaqsa, növbəti tədris ilindən bütün dərslərin əyani şəkildə aparılması planlaşdırılır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov:

“Karantin qaydaları yumşaldılıb, lakin ADPU-da dərslər hazırda hibrid formadadır. Bunun isə bir neçə səbəbi var.

1. Nazirlər Kabinetinin qərarına əsasən, auditoriyalara 70%-dən çox tələbə qəbul edilməsinə icazə verilmir. Bu halda tələbə sayı çox olan qrup birləşmələrində mühazirə dərsləri onlayn qaydada aparılır.

2. Karantin rejimi yumşaldılsa da, pandemiya bitmiş sayılmır və hazırda risqlər gözə alınır.

3. Yumşaldılamalarla bağlı əsas qərar semestrin ortasına təsadüf etdiyi üçün dərs cədvəlləri çoxdan hazır idi. Bu səbəbdən mümkün rotasiyaları etmək mümkün olmayıb.

Lakin qarşıdakı semestrdən etibarən vəziyyətə uyğun olaraq əyani təhsilin bərpa olunması gözlənilir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026