Suriyada Hələb istiqamətində hərbi aktivliyin artması regionda yeni siyasi və təhlükəsizlik balanslarının formalaşdığını göstərir. Müxtəlif regional aktorların maraqlarının toqquşduğu bu mərhələdə aparılan əməliyyatların Suriyanın gələcək siyasi arxitekturasına təsiri xüsusi diqqət mərkəzindədir.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Suriya ordusunun Hələbdə YPG-yə qarşı əməliyyata başlaması, şübhəsiz, ən çox Türkiyənin maraqlarına cavab verən məsələdir. Onun sözlərinə görə, Türkiyə hökuməti bu məsələ ilə bağlı dəfələrlə Suriya hakimiyyətini xəbərdar etmişdi:
“Eyni zamanda Suriyanın ərazi bütövlüyünün qorunması, vahid idarəetmə sisteminin formalaşması Türkiyə tərəfindən ciddi şəkildə dəstəklənirdi. Bütün bunlar onu göstərir ki, Əhməd əş-Şara hökuməti ölkənin gələcəyini qorumaq, Suriyanın vahidliyini və bütövlüyünü təmin etmək üçün zəruri addımlar atmaq iqtidarındadır”.
Müsahibimiz qeyd edib ki, Hələbdə Suriya hökumətinin YPG üzərində qələbə qazanması Əhməd əş-Şaranın vahid Suriyanın lideri kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu, indiki hökumətin Suriyanı bütövlükdə öz nəzarəti altında saxlaya biləcəyini göstərir:
“Yaxın Şərqin gələcəyi baxımından Suriyanın bütövlüyünün qorunması və unitar idarəetmə modelinin ölkədə formalaşması son dərəcə vacibdir. Qanunsuz silahlı birləşmələrin, o cümlədən PKK-dan qidalanan YPG və PYD kimi terrorçu qurumların məhv edilməsi zəruridir".

Zeynal Əmrəliyev: Rusiya və İran Suriyada vəziyyətin tam normallaşmasını istəmirlər
Politoloqun sözlərinə görə, Əl-Şara hökuməti Türkiyənin dəstəyi ilə bu cür qrupların tamamilə təmizlənməsi prosesini mərhələli şəkildə həyata keçirə biləcək. Təbii ki, bu prosesdə maraqlı olmayan digər qüvvələr də var. Məsələn, Rusiya və İran Suriyada vəziyyətin tam normallaşmasını istəmirlər.
Həmsöhbətimiz bildirib ki, İran üçün əsas məqsəd “Hizbullah”la əlaqələrin davamlılığını təmin etməkdir. Bu səbəbdən Tehranın Suriyada daha zəif bir rejimin olmasında marağı var. Rusiya isə ölkədəki hərbi bazalarını qorumaq üçün Suriyada güclü mərkəzi hakimiyyətin formalaşmasını arzu etmir və təzyiq alətlərini əlində saxlamağa çalışır. Bu baxımdan Rusiya və İran Suriyada müəyyən təxribatlara əl ata bilərlər:
"Bütün bunlar onu göstərir ki, rəsmi Dəməşq bu məsələdə Ankara ilə sıx əməkdaşlıq etməli və Türkiyənin dəstəyi ilə qanunsuz silahlı birləşmələrin tamamilə aradan qaldırılmasına nail olmalıdır".
Zeynəb Rzayeva
Bakı 




