• Bakı 21° C

    14.78 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

İmtahan stressi bitdi: Daha gərgin dövr başladı

CƏMİYYƏT

02 Iyun 2025 | 11:06

İmtahan stressi bitdi: Daha gərgin dövr başladı

Azərbaycanda universitetlərə qəbul imtahanları başa çatıb. Biliyini sınayan abituriyentlər nəticələrin açıqlanmasını həyəcan və səbirsizliklə gözləyirlər.

Qarşıda daha bir imtahan var. Belə ki, iştirak etdikləri imtahanlarda topladıqları bala qane olmayanlar üçün əlavə şans imtahanı da keçiriləcək.

Psixoloq Ülkər Məhərrəmova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, imtahan ərəfəsində tək abituriyentlərdə deyil, inların valideynlərində, müəllimlərində də stress və emosional gərginlik artır. Onun sözlərinə görə, bu gərginlik təkcə psixoloji deyil, həm də fizioloji və davranış səviyyəsində özünü göstərir.

Psixoloq qeyd edib ki, aylardır davam edən hazırlıq prosesi, valideynlərin və müəllimlərin sərf etdiyi əmək, diqqət və qayğı, eləcə də uşaqların bu yükü daşıması onların emosional vəziyyətinə təsir edir.

Ü.Məhərrəmova onu da söyləyib ki, yeniyetməlik dövründə olan şagirdlər həm öz daxili dəyişiklikləri, həm də “imtahanı necə verəcəyəm”, “istədiyim nəticəni əldə edə biləcəyəmmi” kimi suallarla zehni baxımdan yüklənirlər ki, bu da imtahan öncəsi və sonrasında əlavə gərginlik yaradır:

“İmtahanaqədərki dövrdə uşaqlarda tez-tez yorğunluq, həyəcan, iştahsızlıq, yuxusuzluq və diqqət pozuntusu kimi əlamətlər müşahidə olunur. İmtahandan sonra isə “harada səhv etdim?”, “balım neçə olacaq?”, “gözlədiyim nəticə gələcəkmi?” kimi düşüncələr təşvişi daha da artırır. Bu narahatlıq müddətinin uzanması gözləntilərin artmasına, nəticədə isə gərginliyin dərinləşməsinə səbəb olur”.

Müsahibimiz vurğulayıb ki, bu stressin öhdəsindən gəlmək üçün bəzi psixoloji texnikalardan istifadə etmək faydalı ola bilər.

Bu texnikalardan birinin “maşın texnikası” olduğunu deyən psixoloq izah edib ki, şagirdlər imtahan sonrası vəziyyətlərini düşünərək bir ay-iki ay sonra harada olacaqlarını, nələr hiss edəcəklərini təsəvvür edə bilərlər. Ü.Məhərrəmova qeyd edib ki, bu üsul diqqəti hazırkı stressdən yayındıraraq, beyni rahatlaşdırmağa kömək edir.

Ülkər Məhərrəmova, psixoloq

“Uzun müddətdir hazırlaşan, müəllimlərlə, repetitorlarla çalışan, öz üzərində işləyən abituriyent bu mərhələdə artıq beynində bir rahatlıq formalaşdırmalıdır. Çünki beynimiz bizi idarə edən ən güclü orqandır. Ona gərginlik yox, pozitivlik ötürmək lazımdır. Fərqindəlik yaratmaq bu nöqtədə önəm daşıyır. “İmtahanımı verdim, bu məktəb illərinin hesabatı idi. Ola bilər ki, nəticə tam ürəyimcə olmadı, amma bu nəticədən dərs çıxarıb növbəti imtahana daha güclü hazırlaşa bilərəm” düşüncəsində olmaq lazımdır”.

Ü.Məhərrəmova hər zaman uşaqlara imtahanların vacib olduğunun, amma həyatın yalnız bir mərhələsi olduğununun xatırladıldığını bildirib. Onun sözlərinə görə, bu, uzun bir yolun bir pilləsidir. Əgər bu pilləni keçiblərsə, zəhmətlərinin qarşılığını alacaqlar. Bu mərhələdə əsas məsələ özünə güvənmək və beynə sakitlik ötürməkdir.

“Cavabların gecikməsi də narahatlıq doğura bilər. Amma bu nöqtədə şagirdlər bilməlidirlər ki, artıq əllərindən gələni ediblər. Bildiklərini yazıblar və bu yazdıqlarının qarşılığını da alacaqlar. Ən əsası isə odur ki, hələ qarşıda ikinci bir şans növbəti imtahan var”,- deyə Ülkər Məhərrəmova fikrini tamamlayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

03 Iyun 2025