Son 2-3 ildir ki, ali məktəbə qəbul imtahanlarının nəticələri ürəkaçan olmur. Hər il qruplarda maksimum tam bal toplayanların sayı azalır. Təəssüflə bildiririk ki, bu il 1 və 3-cü qruplarda maksimum – 700 bal toplayan olmayıb. Bunun səbəbləri nədir?
Təhsilin idarə edilməsi üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yüksək bal təhsilin göstəricisi olmadığı kimi, zəif bal da göstərici sayılmır: “Yəni yüksək bal təhsilin yüksək, zəif bal zəif olduğunu göstərmir. Bu göstərici bizə sadəcə, bir şey deyir: Azərbaycanda orta məktəb proqramı universitetə hazırlaşdıra bilmir. Universitet imtahanları 5-11-ci siniflər arası 7 illik materialdan sual soruşur. Orta məktəb şagirdi isə 10-11-ci sinifdə universitetə hazırlaşmağa başlayır”.
Onun sözlərinə görə, şagirdlərin əksəriyyəti əvvəlki illərdə dərslərini yaxşı oxumur: “Son 2 ildə isə 7 ilin materialını öyrənmək çətin olduğundan, şagirdlər orta məktəbin 10-11-ci sinif proqramını kənara qoyub, 5-ci sinifdən öyrənməyə başlayır. İki il bunun üçün kifayət etmir və uğursuz olurlar”.
Mütəxəssis qeyd edib ki, şagirdlər vaxtında valideynlərinin dəstəyi ilə imtahana qədər normal dərs oxusalar, 10-11-ci sinifdə 5-ci sinif dərsini öyrənmək məcburiyyətində qalmayacaqlar: “Digər bir səbəb isə hələ tam isbat olunmamış iddiadır. Bəzi şagirdlər deyirlər ki, orta məktəb proqramı məzmun olaraq universitetə hazırlamır. Yəni, orta məktəb proqramını oxuyaraq universitetə hazırlaşmaq mümkün deyil. Ona görə də, bir qisim şagirdlər müxtəlif nəşriyyatların test kitablarını işləyib hazır olaraq gəlir, bəziləri isə hazırlaşa bilmədiyi üçün zəif nəticələr toplayır”.
Q.Məhərrəmova görə, qəbul imrahanlarında 600-dən çox balların az olması isə bir təzadın göstəricisidir; orta məktəb proqramımız universitetə uyğunlaşdırılmayıb.
Müsahibimiz vurğulayıb ki, bu mənada, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi harmoniyanı, ahəndarlığı artırmağa çalışmalıdır: “Düşünürəm ki, ancaq bu yolla uğurlu şagirdlərin sayı artacaq. Xüsusi olaraq qeyd etmək istərdim ki, önəmli olan çox yuxarrı bal toplayanların faizi deyil, daha vacib məsələ 100-200 baldan aşağı toplayanların faizidir. Bunlar artıq təhsilin uğursuzluğu sayılır. Biz çalışmalıyıq ki, şagirdlərin ortalama balı yüksək olsun. Bunun üçün isə spiralvari təhsilə keçid etmək lazımdır. Spiralvari təhsildə 5-11-ci siniflərdə mövzular eyni olur, sadəcə dərinləşərək hər il daha da dərinə gedir. İmtahanda isə yalnız 10-11-ci sinifdə keçirilən mövzular düşməlidir”.
Aytac Aslan