“İran-İsrail konfliktinə bu iki ölkə arasındakı problem prizmasından baxmağın tərəfdarı deyiləm. İsrail elə coğrafiyada yerləşir ki, onun bu bölgədə təkbaşına həyatda qalmaq imkanları mümkün deyil”.
Bunu Bakıvaxtı.az-a hərbi-siyasi ekspert Həşim Səhrablı gərginləşən İran-İsrail münasibətlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, İsrailin hərbi sənayesi özünün yüksək inkişaf mərhələsinə çatsa da, ətrafında münasibətlərinin yaxşı olmadığı bir çox dövlət mövcuddur. Ekspert bildirib ki, bu faktı nəzərə alsaq, İsrailin geosiyasi sabitliyi və təhlükəsizliyi ciddi sual altındadır:
“Bu nöqtədə İsrailin xarici siyasətinə İngiltərə və Amerika nöqteyi -nəzərindən baxmalıyıq. Yəni İsrail İrana hücum edəcəksə, bunu özbaşına qərar verib, gerçəkləşdirə bilməz. Bu məqamda o məcburdur ki, Amerika və İngiltərə kimi müttəfiqləri ilə ortaq davranışlar həyata keçirsin”.
“İsrailin İrana hücum təhlükəsinin yaranmasını şərtləndirən amillər hansılardır” sualına gəlincə, H.Səhrablı diqqətə çatdırıb ki, yanvarın 20-dən sonra Amerikada anti-İran mövqedə olan və qatı İsrail dəstəkçisi kimi tanınan Donald Tramp iqtidara gələcək:
“Trampın İrana qarşı sərt addımlar atacağına dair iddialar var. Ehtimal var ki, rəsmi Təl-Əviv Amerikadan aldığı dəstəklə, Amerika ilə koordinasiyalı şəkildə və ya mümkündür ki, ABŞ özü İrana hücum təşkil etsin.
İrana hücum bu şəkildə gerçəkləşə bilər. Hücum olacağı təqdirdə İranın cavab verməsi realdır. İranın cavabı tutarlı olacaq və ya olmayacaq - bu, sual altındadır. Çünki Amerika onillərdir ki, Yaxın Şərq siyasətində hərbi və diplomatik cəhətdən mövcuddur. İsrail burada dövlət qurmuş və 6-7 Ərəb dövlətini eyni müharibədə məğlub etmiş dövlət statusundadır. İngiltərə özü dünya siyasətində önəmli yerə sahibdir.
Bütün bunları nəzərə aldıqda, belə koordinasiyalı hücuma İranın sonadək dayanacağı inandırıcı görünmür. Rusiya və Çindən İrana dəstək göstərilərsə, o halda İranın dediyi münaqişənin böyümə riski realdır və həqiqətən də bölgədə ciddi eskalasiya müşahidə oluna bilər. Bu müharibə Yaxın Şərqi bürüyə bilər”.
Ekspert vurğulayıb ki, Yaxın Şərqdə müharibə təhlükəsi yaranarsa, Türkiyə səssiz qalmayacaq:
“Rəsmi Ankara fərqindədir ki, İsrail Amerika və İngiltərə ilə koordinasiyalı şəkildə İrana hücum edəcəksə, İran məğlub edildikdən sonra “Böyük İsrail”i qurmaq üçün növbəti hədəf məhz Türkiyə ola bilər. Bu nöqtədə rəsmi Ankara da maraqlı olacaq ki, İranda tərəflərin heç birinin qalib gəlmədiyi bir reallıq formalaşdırılsın”.
Həşim Səhrablı: Yaxın Şərqdə müharibə təhlükəsi yaranarsa, Türkiyə səssiz qalmayacaq
H.Səhrablı vurğulayıb ki, İran-İsrail müharibəsi başlasa, bu, qısa müddətdə yekunlaşmayacaq. Onun sözlərinə görə, tərəflər də bunun fərqindədir:
“İndi isə İsrailə lazım olan hədəflərinə çatmaqdır. Ona görə də rəsmi Təl-Əviv “Donald Tramp kartı”ndan istifadə edərək, İranı hədələməyə və özlərinə gərəkən geosiyasi vizitkartlar almağa çalışır”.
H.Səhrablı sonda onu da əlavə edib ki, bu vizitkartlar Qolan təpələri, Qəzza, eyni zamanda Aralıq dənizində, ümumiyyətlə Yaxın Şərqdə maraqlarının olduğu bölgələrdə İranla münasibətlərdə İsarili bir addım önə çıxaracaq şərtlərdir:
“Amma düşünmürəm ki, İran asan təslim olsun. Çünki İranın da hərbi texniki imkanları kifayət qədər yaxşıdır və buna görə də qarşıdurma riskindən çəkinməyəcəklər və sona qədər maraqlarını qorumağa cəhd göstərəcəklər. İran-İsrail qarşıdurmasında “gözlər” Trampın üzərində olacaq. Tramp İsrailə “yaşıl işıq” yandırarsa, İranla İsrail arasında gözlənilən böyük münaqişə başlaya bilər. Əgər Tramp ehtiyatlı davranarsa, ən azından Rusiya-Ukrayna müharibəsinin gözləməyini lazım bilərsə, Çinə qarşı siyasətini prioritet kimi görərsə, bu halda İran-İsrail münasibətlərində ənənəvi “mən vurdum, sən vurdun” siyasətini görə bilərik”.
Aydın Baxış