Beynəlxalq təzyiqlərə baxmayaraq, ABŞ-nin təcavüzü nəticəsində dağıdılmış nüvə obyektləri bərpa olunacaq.
Bakıvaxtı.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.
Onun sözlərinə görə, nüvə obyektlərinə hücum nəticəsində onların zədələnməsi, infrastrukturun dağılması təbiidir:
"Əhəmiyyətli olan budur ki, elm, bilik, texnologiya və sənaye İran tarixində uzun, dərin köklərə malikdir".
Qeyd edək ki, bu il iyunun 22-də ABŞ İrandakı üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahandakı obyektlərə zərbələr endirib.
"İran uranı niyə silah hazırlanması səviyyəsinə yaxın zənginləşdirir" sualına cavabında M.İslami deyib:
"İctimai rəydə, mediada danışılan zənginləşdirmə faizi siyasətçi, fırıldaqçı və düşmənlər tərəfindən təqdim edilib, qızışdırılıb. Uranın yüksək səviyyədə zənginləşdirmə faizi mütləq silah hazırlanmasında istifadə olunmur və bunun üçün lazım deyil. Bizə daha yüksək zənginləşdirmə dəqiq və həssas ölçü cihazları üçün lazımdır. Heç kim bizə bu malları satmayacaq, çünki uzun illərdir sanksiyalar altındayıq".
O, İranın ABŞ ilə birbaşa danışıqlar aparmasına ehtiyac olmadığını da vurğulayıb.
Xatırladaq ki, Məhəmməd İslami bu günlərdə Rusiyada səfərdə olub. Orada tərəflər arasında atom-nüvə sahəsinə dair sənəd imzalanıb. Məlumata görə, Tehran Rusiyanın İranda yeni atom elektrik stansiya tikməsini də istəyir.