• Bakı 25° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

İran parçalana bilərmi, yoxsa idarəetmə əl dəyişdirəcək? - İqbal Ağazadə yazır

SİYASƏT

19 Iyun 2025 | 09:58

İran parçalana bilərmi, yoxsa idarəetmə əl dəyişdirəcək? - İqbal Ağazadə yazır

Son illər dünyada baş verən hadisələr yeni güc mərkəzlərinin və onlarla müttəfiq ola biləcək ölkələrin zəiflədilməsinə hesablanmış addımlardır.

Rusiyanın yenidən dirçəldilməsi və imperialist maraqlarının genişləndirməsi, Avropa Birliyinin güc mərkəzi kimi formalaşmasının qarşısına çəkilən sədd idi.

Şərqi Avropa ölkələrinin sosializm sistemindən azad olaraq, vahid Avropa konsepsiyasına inteqrasiyası olduqca sürətli baş verdi.

Avropa Birliyi öz sərhədlərinə yaxın ölkələrlə qonşuluq siyasəti çərçivəsində 2003-cü il, daha sonra Şərq tərəfdaşlığı çərçivəsində 2009-cu il bəyannaməsini qəbul etdi. (Müvafiq olaraq, Brüssel və Praqa sammitləri)

Genişlənən Avropa yeni dünya düzənində Fransa və Almaniyanın öncüllüyü ilə müstəqil güc mərkəzinə çevrilməyi düşünürdü.

Rusiya isə tarix boyu Avropanın jandarmı rolunda çıxış edib. Təsadüfi deyil ki, iki dünya müharibəsinin tərəfləri də Avropa və Rusiya olub.

ABŞ yeni dünya düzənində müttəfiqlərinin ondan ayrılaraq, müstəqil oyunçuya çevrilməsinə izn verə bilməzdi.

Yaxın qonşuluq siyasəti çərçivəsində Avropanın müttəfiq qismində hədəf götürdüyü ölkələrdə yeni dalğalar başladı.

Əhatə olunan ölkələrə Əlcəzair, Misir, İsrail, İordaniya, Livan, Liviya, Mərakeş, Fələstin, Suriya, cənubda Tunis və şərqdə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna daxil idi.

2010-cu ildə başlayan ərəb baharı Tunis, Əlcəzair, Misir, Liviya, Mərakeşdən yan keçmədi. Qarşıdurmalar və hakimiyyət dəyişiklikləri Avropa Birliyinin qonşuluq siyasətini genişləndirməyə imkan vermədi.

Bundan əvvəl isə 2006-cı ildə Fələstində, 2007-ci ildə isə, Qəzza zolağında Həmas hakimiyyətə gəldi.

2008-ci ildə isə Hizbullah Livanda hakimiyyət ortağı oldu. Onların hakimiyyət təmsilçiliyi təbii olaraq, bu ölkələri də danışıqlardan kənarda qoydu.

Suriyada qanlı savaş lap dünənə kimi davam etdi. Danışıqlar üçün bu ölkədə də bütün imkanlar tükədildi.

Beləliklə, Avropa Birliyinin cənubda qonşuluq siyasəti iflasa uğramış oldu.

Avropa Birliyinin Şərq tərəfdaşlığı da uğurlu alınmadı.

Hədəf götürülən ölkələrin hər biri bu və ya digər şəkildə yeni münaqişəyə cəlb olundu.

Belarus sanksiyaların tətbiqi ilə bağlı danışıqlardan təcrid olundu. (Xatırladım ki, ilk sanksiyalar 2004-cü ildə ABŞ tərəfindən tətbiq olunub)

Gürcüstan 2008-ci ildə Rusiya tərəfindən hərbi təcavüzə məruz qaldı, Abxaziya və Cənubi Osetiya müstəqilliyini elan etdi. Daha sonra qərb təmayüllü iqtidar Rusiya yönümlü hakimiyyətlə əvəzləndi.

2014-cü ildə Ukraynanın Krım bölgəsi Rusiya tərəfindən qəsb edildi, Ukrayna qarşıdurmaya cəlb olundu.

Moldova da analoji olaraq, Rusiyanın təhdidləri ilə üz-üzədir.

2018-ci ildən Ermənistan da Rusiya ilə - yumşaq ifadə etsəm, - yola getmir.

Azərbaycan ipdən asılı vəziyyətdə, hər an Rusiya ilə qarşıdurma yarana biləcəyi şəraitdədir.

Rusiya Suriyada var, Liviyada hərbi qruplaşmanı dəstəkləyir, (Haftar qruplaşması və Vaqnerin iştirakı), Livanda Hizbullahla sıx əlaqə və silah satışı həyata keçirir, Tunislə əlaqələrini kəsmir. İranı dəstəkləməklə də proksi təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqədədir.

Avropa Birliyinin güc mərkəzinə çevrilməməsi üçün Çindən yükdaşımaları həyata keçirən əsas dəniz yolu daim təhlükədədir. (Qırmızı dəniz)

Sadaladıqlarımdan belə qənaətə gəlmək olur ki, ABŞ Avropa Birliyinin güc mərkəzinə çevrilməməsi üçün onun bütün planlarını alt-üst edib.

Bura iqtisadi faktorları da əlavə etsək, mənzərə daha aydın olar. (Mavi axın, xammalın Avropaya çıxışının qarşısının alınması, Çin iqtisadiyyatının böyüdülməsi və s)

Maraqlı məqam budur ki, ABŞ-ın Avropa Birliyinin güc mərkəzinə çevrilməsini məhdudlaşdıran siyasətinin içində əsas rol Rusiyaya verilib.

Yardımçı funksiyaları isə İsrail, İran və digərləri həyata keçirir.

İkinci güc mərkəzi kimu formalaşmaq istəyən Çindir.

ABŞ rəqiblərini və düşmənlərini özü yaradır, böyüdür, formalaşdırır, sonda məğlub edir.

Əslində Rusiyanı da elə ABŞ böyütdü.

2000-ci illərin Putini Rusiyanı NATO üzvü kimi görmək istəyirdi. Krımın işğalını absurd adlandırmaqla, Rusiya daxilində onlarla belə problemin varlığının anonsunu verirdi.

Yeri gəlmişkən, Putini Yeltsinə Çubays təqdim etmişdi. Çubaysın isə kim və nəçi olması, o cümlədən hansı ölkəyə bağlılığı siyasətdən az-çox başı çıxan hər kəsə bəllidir.

ABŞ Rusiyanı yenidən imperialist dövlətə çevirdi ki, Avropanın jandarmı rolunu layiqincə oynaya bilsin. Rusiya da tərəddüd etmədən bu rolu üstləndi və layiqincə oynayır.

İndi Avropa Birliyi Rusiya təhlükəsinin qarşısını almaqdan ötrü ABŞ qarşısında hansı öhdəliyi desəniz, götürməyə hazırdır.

Bayaq Çinin də güc mərkəzi olduğundan bəhs etdim.

Bəli, Çin bu gün ikinci güc mərkəzi kimi görünür. Lakin qarşıdurmalardan qaçan tərəfə oxşayır.

Çini də güc mərkəzinə, yəni öz rəqibinə çevirən ABŞ-dir.

ABŞ Çin iqtisadiyyatında ən önəmli ticarət tərəfdaşlarından biridir.

Çin ABŞ-yə illik 500 milyard dollara yaxın mal ixrac edir.

ABŞ isə Çinə təxminən bir ildə 150 milyard dollarlıq məhsul ixrac edir (əsasən texnologiya, kənd təsərrüfatı məhsulları və enerji).

Apple, Tesla, Microsoft və s. kimi nəhənglər Çində istehsal və satış həyata keçirirlər.

ABŞ investisiyası Çin texnologiya və sənaye sektorunda önəmli rol oynayır.

ABŞ Çinin böyüməsinə və özünə layiqli rəqib olmasına hər cür şərait yaradır. Çünki sonrakı dövrlərdə yeni güc mərkəzi kimi yaranmaq istəyən dövlətlər üçün təhlükə Çin olacaq.

Eynən Rusiyanın Avropa üçün təhlükə olduğu kimi.

Rusiya missiyasını başa vurub, Avropanın bütün planları iflasa uğrayıb, indi o ABŞ-ın böyüklüyünü qəbul edir və müstəqil güc olmağa da can atmır.

İndi Rusiyada imperialist təfəkkürə də ehtiyac yoxdur, Yeltsin kimi bir iqtidar yetərlidir. Ukrayna savaşında tam gücdən salınacaq Rusiyada sonda belə bir hakimiyyət qurulacaq. Putin erası bitəcək.

Hədəfdə Çin olduğu üçün ilk növbədə Rusiya dəyişməlidir ki, Çinin ən böyük quru yolu və sərhədlərində ABŞ ola bilsin.

Qırmızı dəniz nəzarətə götürülməlidir. Bu, Çini Avropaya birləşdirən ikinci ən böyük yoldur. Proseslər burda da ABŞ-ın istədiyi kimi cərəyan edir.

Kimsə söylədiklərimi ciddiyə almaq istəməsə, təkcə Merkelin hakimiyyətinin son 9 ilində Çinə 9 dəfə səfər etdiyini, Makronun Çin səfərində verdiyi müsahibələri, Fransanın öncüllüyü ilə Avropa Birliyini güc mərkəzinə çevirmək istədiyini xatırlasın. Elə bundan sonra Fransa koloniyalarında etirazlar, Qırmızı dəniz ətrafında proseslər aktiv fazaya daxil oldu.

7 oktyabr İsrailə qarşı da düzənlənən hücumlardan sonra Yaxın Şərqdə proseslər dəyişdi.

ABŞ Rusiya ətrafında proseslərin onun xeyrinə bitdiyinin fərqindədir.

İndi Çinin qol-qanadı qırılır.

Qayıdaq, İran məsələsinə.

Çinin neft məhsulları ilə təmin olunmasında ən böyük rol İrana məxsusdur.

Çin İranın birinci iqtisadi tərəfdaşıdır.

Əslində İran Çinin güdazına gedir. Bağlanılan 25 illik Çin-İran müqaviləsi ABŞ-ın gələcək planları ilə üst-üstə düşmür.

Çinin gələcək yolları kəsilir.

Qalan məsələlər hekayədir (Daha geniş yazı ilə Hindistanın mövqeyini, orta dəhliz məsələsini (Zəngəzur dəhlizi) də müzakirəyə çıxarmaq olardı, lakin bir yazıda bunları qeyd etməklə oxucunu yormaq istəmirəm).

İranda hakimiyyət dəyişəcəkmi və ya İran parçalanacaqmı?

Bizi ən çox düşündürən və narahat edən bu suallardır.

İranın parçalanması ABŞ-ın, o cümlədən, İranla qonşu olan dövlətlərin çoxunun planına daxil deyil.

Pakistan, İraq, o cümlədən Türkiyə belə İranın parçalanmasını arzulamır. Heç İsrail də bu məsələdə kürd faktorunu qabartmış kimi görünsə də, İranın parçalanmasında həvəsli görünmür.

Pakistan Bəluç məsələsinə, Türkiyə və İraq Kürd probleminə görə İranın parçalanmasını arzulamırlar.

İsrail regionda yeni dövlətin yaranması ilə (Kürdüstanın) daha çox düşmən qazanacağına əmindir.

Türkiyə, İraq, Azərbaycan, o cümlədən, Suriya gələcəkdə bu problem üzərindən İsraillə cəbhə açmağa məhkum olacaqlar. Fələstin məsələsi bitməmiş, yeni problemlər yaşamaq İsrail üçün arzuolunmaz sayılır.

Azərbaycan açıq ifadə etməsə də, İranın parçalanmasını çox arzulayır.

Tarixi ədalətsizlik aradan qalxar, böyük Azərbaycan dövləti qurular.

Lakin bunun üçün biz regionda oyunquran tərəf deyilik. Çalışırıq ki, qurulan və oynanılan oyundan öz qazancımızı götürək.

Kürd məsələsi olmasaydı, Türkiyə İranın parçalanmasına ən çox maraq göstərən tərəf olardı. Lakin böyük güclər hər kəsi bir problemlə baş-başa buraxıblar ki, heç kəs yeni və böyük iddiada bulunmasınlar.

Yeri gəlmişkən qeyd edim ki, Türkiyənin bəxti onda gətirdi ki, Avropa ölkələri Avropa Birliyinin planlarında ona yer ayırmadılar. Və beləliklə də, Türkiyə avtomatik ABŞ-ın təbii müttəfiqinə çevrildi. Türkiyə bu dövrdən məharətlə istifadə edərək, Orta Doğuda əsas aktyora çevrildi, hərbi imkanlarını məharətlə bir neçə dəfə artırdı.

Baxmayaraq ki, kürd probleminin də arxasında daha çox Qərb ölkələri durur.

Qayıdaq, İran məsələsinə...

İran sürətlə ölkədə hakimiyyət dəyişikliyinə gedir. Bu, hərbi müdaxilə ilə olmasa da, hərbi əməliyyatlar bitəndən dərhal sonra əhalinin ayağa qalxması ilə gerçəkləşəcək.

Pəhləvi şahın nəvəsi həm dünyaya, həm də İrana mesajlar verir. Hətta fars-yəhudi tarixi qohumluğundan danışır.

Hakimiyyət dəyişikliyi İranın bütövlüyünü qoruya biləcəkmi?

Proqnoz vermək çətindir. İndidən baxanda İran parçalanmayacaq kimi görünür. Belə olarsa, biz Güney Azərbaycan olaraq mədəni və milli hüquqlarımızı qorumaq istiqamətində yeni doktrina hazırlamalı və bunu sürətlə həm Güney Azərbaycanda yaymalı, həmçinin, İran ətrafında cərəyan edən hadisələrdə maraqlı olan ölkələrə təqdim etməliyik. (Bu barədə ən yaxın gündə yazım olacaq)

İran parçalanacaqsa, Güney Azərbaycanın istiqlalı üçün Qarabağda döyüşdüyümüz kimi açıq savaşa girməliyik.

Türkiyə, Türkistan Cümhuriyyətləri ilə bu istiqamətdə açıq danışmalı və onları böyük Türk birliyi adına dava ortağımız kimi proseslərə qoşmalıyıq.

İran parçalanacaqsa, Kürd faktoru da ortada olacaq. İmkan verməməliyik ki, böyük güclər kürdlərin iddia etdiyi Azərbaycan torpaqlarını ələ keçirsinlər. Əksinə, kürd faktoru İraq ərazisində də hərəkətlilik yaradacaqsa, hədəfin biri də İraq türklərinin Güney Azərbaycanla tarixi Birliyinin bərpası olmalıdır. Regionda proseslər bu istiqamətdə gedəcəksə, tarixi fürsəti əldən verməməliyik. Güney Azərbaycan deyərkən, kimsə Qaşqay və Xorasan türklərini bizdən ayrı hesab etməsin. Bu bizi ayırmaq üçün ortaya atılmış bölgülərdir.

Onu da qeyd edim ki, Azərbaycan xalqı anlayışının içində mütləq bir Talış xalqı faktoru da var. Quzeydə olduğu kimi, Güneydə də Talışlar yaşayır. Türk və Talış elə bir yerdə Azərbaycan deməkdir.

Hələlik isə müharibə gedir, ən amansız və vəhşi şərtlərlə...

İnsanlıq ölməsin, qan axmasın, günahsız, dinc insanlar, körpələr, qadınlar, uşaqlar, gənclər, qocalar ölməsin...

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü...

P. S. İranın zülmkar idarəçiləri nəhayətdə xalqı üçün xeyir vermədiyini anlamalıdır.

P.P.S. İsrail dinc əhaliyə ziyan verən, günahsız insanların ölümünə səbəb olan bütün addımlarını dərhal durdurmalıdır.


SON XƏBƏRLƏR