• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“İranın Azərbaycana şər-böhtan atması qəbuledilməzdir” - Deputat

GÜNDƏM

06 Oktyabr 2021 | 16:15

“İranın Azərbaycana şər-böhtan atması qəbuledilməzdir” - Deputat

“Vətən müharibəsinin başlamasından və Azərbaycanın tarixi qələbəsindən bir il ötür. Dünya artıq Azərbaycanın parlaq qələbəsini, bölgədə yaratdığı yeni reallığı qəbul edir. Çox təəssüf ki, bəzi dairələr Azərbaycanın Vətən müharibəsindəki qələbəsini bu günə kimi həzm edə bilmir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib. 

Deputat qeyd edib ki, Ermənistan otuz il müddətində işğalçılıq siyasəti yürüdərkən təkcə xalqımıza, şəhər və kəndlərimizə qarşı deyil, İslam dininə qarşı  da təhqiramiz addımlar atıb: “Altmışdan çox məscidlərimizi dağıdıb, dağıtmadığı məscidlərdə isə donuzlar saxlayıb. Ermənistanla bəzi İslam ölkələri diplomatik əlaqələri ötən əsrin 90-cı illərində kəsib və bu günə kimi də bu proses davam edir. İslam ölkələri Azərbaycanın haqlı işini hər zaman müdafiə edib və dəstəkləyib.

Çox təəssüf ki, region ölkələrindən olan İran mehriban qonşuluq siyasəti aparmağa çalışan Azərbaycana deyil,  həm birinci, həm də ikinci Qarabağ müharibəsində Ermənistana dəstək olub. Hətta 1992-ci ildə Şuşanın işğalı zamanı Azərbaycan rəsmilərini münaqişənin həlli üçün İrana dəvət ediblər və həmin vaxtda Şuşa Ermənistan tərəfindən işğal olunub. Bu işğala heç bir zaman təəssüflənməyən İran sonrakı mərhələdə də Ermənistana hər zaman dəstək olub. Azərbaycanın torpaqlarını işğal edən Ermənistana və ordakı separatçı-terrorçu rejimə dəstək göstərib-yanacaq, silah-sursat, ərzaq göndərib. Qarabağda evlərin və sosial obyektlərin sökülməsi işini Ermənistanla bir yerdə İranın işbaz şirkətləri həyata keçirib. Sonrakı dövrdə Azərbaycanın xəbərdarlığına baxmayaraq, Ermənistana silah-sursatla dəstək veriblər. Bu, yolverilməzdir və qəbuledilməzdir”.

C.Osmanov bildirib ki, bu yaxınlarda İranın əyalət mollasının Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi və daha sonra bu mövqeyin İran rəsmiləri tərəfindən səsləndirilməsi, yalançı ittihamların və iftiraların atılması qəbuledilməzdir: “İran İsrail qüvvələrinin burada olduğunu deyir, amma belə deyil. İran Azərbaycanın güclənməsindən, qüdrətlənməsindən və özünə dost-qardaş hesab etdiyi Ermənistanın acı məğlubiyyətindən çox ciddi narahat olub və buna görə də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir və böhtan xarakterli bəyanatlar səsləndiriblər.

Azərbaycan müstəqil siyasət yürüdür, iqtisadiyyatı müstəqildir. Azərbaycan Vətən müharibəsindəki tarixi qələbəni öz gücüylə əldə edib. Odur ki, İranın qərəzli mövqeyi, böhtanı qəbuledilməzdir. Bu müəyyən mənada Azərbaycanın işlərinə qarışmaq cəhdləridir və eyni zamanda, müstəqil siyasət yürüdən bir ölkəyə şər-böhtan atmaqdır. İrana Azərbaycan tərəfindən artıq rəsmi notalar da verilib. Xarici İşlər Nazirliyi və ölkə prezidenti tərəfindən buna cavab verilib. Düşünürəm ki, İran öz siyasətində düzəliş etməsə, Azərbaycana qarşı münasibətlərini tənzimləməsə, ölkə ictimaiyyətinin çox ciddi narahatlığını nəzərə alan dövlətimiz İrana qarşı siyasətində dəyişiklik edəcək.

Bu günlərdə növbəti təxribat törətdilər. Belə ki, Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında hava məkanını bağladılar. İranın bu addımları haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narahatlıqlar yaradır.

Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdikdən sonra bu ərazilərlə sərhəddə İran hərbi təlimlər keçməyə başladı. Əgər İran Azərbaycana öz gücünü göstərmək istəyirsə, bilsin ki, Azərbaycanın gücünü bütün dünya görüb. Azərbaycana təsir göstərmək niyyətində olan İran yaxşı olar ki, öz daxilində olan ciddi problemləri aradan qaldırsın, öz işləri ilə məşğul olsun. Azərbaycan müstəqil siyasət yürüdür və heç kim Azərbaycanı bu yolundan çəkindirə bilməz”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR