İranın keçmiş diplomatı Əmir Musəvi Misirin paytaxtı Qahirədə yoxa çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı "Azad İran" yayıb.
Bildirilib ki, o, İran və İraq pasportları, təhlükəsizlik icazəsi və rəsmi Misir vizası ilə Ərəb Respublikasına daxil olub. Qahirə Beynəlxalq Hava Limanına çatdıqdan sonra sorğu-suala cəlb edilib. Bundan sonra onunla bağlı məlumat almaq mümkün olmayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Misirdə yoxa çıxan İranın keçmiş diplomatı Əmir Musəvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, o, hazırda rəsmi diplomat statusu daşımır: "Musəvi bir müddət İranın mədəniyyət müşaviri vəzifəsində çalışıb. Eşitmişik ki, bu şəxs İraq pasportu ilə Misirə daxil olub".
İ.Bəqainin sözlərinə görə, İran vətəndaşlarının hüquqlarını qorumaq və təmin etmək məqsədilə məsələ Qahirədəki İranın Maraqlarının Müdafiəsi İdarəsi vasitəsilə yaxından izlənilir.
Qeyd edək ki, Misirlə İran arasında diplomatik münasibət hələ də tam bərpa olunmayıb.