Son günlər Ukrayna ilə Rusiya arasında hərbi qarşıdurmanın nüvə obyektlərini də əhatə etməsi beynəlxalq təhlükəsizlik sistemində ciddi narahatlıqlar doğurur.
İkraynaya məxsus pilotsuz uçuş aparatının Rusiyanın Novovoronej Atom Elektrik Stansiyasına (AES) zərbə endirməsi və bundan öncə Zaporojye AES ətrafında artan gərginlik nüvə infrastrukturunun birbaşa hədəfə çevrildiyini göstərir. Bu cür hücumlar təkcə hərbi nəticələr doğurmur, həm də ekoloji, texnoloji və humanitar fəlakət risklərini çoxaldır.
Nüvə obyektlərinə yönəlmiş istənilən zərbə beynəlxalq hüquq baxımından Cenevrə Konvensiyalarının və BMT-nin nüvə təhlükəsizliyi prinsiplərinin pozulması kimi qiymətləndirilir. Belə hücumların nəticəsində radioaktiv sızma, enerji sistemlərinin çökməsi və ekoloji tarazlığın pozulması kimi geridönməz fəsadlar yarana bilər.
Zaporojye və Novovoronej AES-ləri həm Ukrayna, həm də Rusiya üçün strateji enerji obyektləri olmaqla yanaşı, regionun ekoloji təhlükəsizlik sistemində də mühüm rol oynayır. Onların sıradan çıxarılması Cənubi və Mərkəzi Avropa boyunca radioaktiv maddələrin yayılması ehtimalını artırır.
Hazırkı şəraitdə həm Moskva, həm də Kiyev tərəfləri beynəlxalq nəzarət mexanizmlərinin - xüsusən də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) - vasitəçiliyi ilə təhlükəsizlik təminatlarını bərpa etməlidirlər. Əks halda, müharibənin bu istiqamətdə dərinləşməsi yalnız regionun deyil, bütün Avrasiyanın enerji və ekoloji sabitliyini sarsıda bilər.
Bu hadisələr göstərir ki, nüvə obyektlərinin hərbi müstəviyə daşınması münaqişəni “məhdud lokal savaş” statusundan çıxarıb, qlobal təhlükəsizlik üçün birbaşa riskə çevirir. Beynəlxalq ictimaiyyət üçün indi əsas məsələ tərəfləri təkcə atəşkəsə deyil, həm də nüvə infrastrukturuna toxunmamaqla bağlı konkret razılaşmaya yönəltməkdir. Əks halda, XXI əsrin ən böyük fəlakətlərindən birinin başlanğıcı ola biləcək hadisələr zənciri artıq işə düşüb.
Ruslan Zəngəzur