Azərbaycan və İspaniya arasında iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə birgə fəaliyyətin gücləndirilməsinə dair müzakirələr aparılıb, tərəfdaşlığa dair Yol Xəritəsi qəbul edilib.
Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, nazirin I müavini Elnur Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniyaya səfər edib. Səfər çərçivəsində İspaniya-Azərbaycan Dəyirmi Masası, İkinci İspaniya-Azərbaycan Strateji İqtisadi Dialoqu və İspaniya rəsmiləri ilə görüşlər keçirilib.
İspaniya-Azərbaycan Dəyirmi Masasında hər iki ölkədən dövlət qurumları və şirkətlərin nümayəndələri iştirak ediblər.
E.Əliyev Azərbaycanın İspaniya ilə münasibətlərə önəm verdiyini vurğulayıb, qeyd edib ki, İspaniya ilə ticarət, investisiya, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, texnologiya, innovasiya və digər sahələr üzrə birgə fəaliyyətin genişləndirilməsi üçün böyük potensal mövcuddur. Ölkələrimizin bu potensialı real nəticələrə çevirməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın işgüzar mühiti haqqında da məlumat verilib. Bildirilib ki, ölkədə ticarət, istehsal və logistikanı dəstəkləyən investisiya platformaları fəaliyyət göstərir. Bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında yerləşən Ələt azad iqtisadi zonası, sənaye zonaları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sərmayədarlar üçün yaradılan imkanlar diqqqətə çatdırılıb.
İspaniyanın ticarət üzrə dövlət katibi Amparo Lopez Senovilla ikitərəfli iqtisadi münasibətlərin inkişafını yüksək qiymətləndirib, qarşılıqlı investisiya və biznes əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Dəyirmi Masada İspaniya Ticarət Palatasının baş direktoru İnmakulada Riera, İspaniya Sahibkar Təşkilatları Konfederasiyasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Marta Blanko, Azərbaycanın İspaniyada səfiri Ramiz Həsənov Azərbaycan-İspaniya iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarını qeyd ediblər.
Tədbirdə Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimat keçirilib, tərəfdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində İkinci İspaniya-Azərbaycan Strateji İqtisadi Dialoqu keçirilib. Tədbirdə vurğulanıb ki, İqtisadi Dialoq mexanizmi vasitəsilə ticarət dövriyyəsinin artırılması, investisiya axınının genişləndirilməsi və prioritet sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanlar var. Bununla yanaşı, tərəfdaşlığın gələcəkdə daha geniş institusional formatda inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirdə Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 2-ci iclasının Protokolu imzalanıb, həmçinin Protokolun əlavəsi olaraq ticarət, investisiya, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutan Yol Xəritəsi qəbul edilib.
E.Əliyevin İspaniyanın ticarət üzrə dövlət katibi Amparo Lopez Senovilla ilə görüşündə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb.
İspaniyanın Deputatlar Palatasının İqtisadiyyat, Ticarət və Rəqəmsal Transformasiya Komitəsinin sədri Pedro Puy Fraga ilə müzakirələrdə parlamentlərarası əlaqələrin iqtisadi əməkdaşlığa töhfəsi qeyd olunub. Eyni zamanda, Azərbaycanın regionun strateji logistika və enerji qovşağı kimi rolu, Orta Dəhliz çərçivəsində imkanları, nəqliyyat bağlantıları və İspaniya şirkətləri üçün investisiya perspektivləri haqqında məlumat verilib.
İspaniyanın Rəqəmsal Transformasiya, Nəqliyyat və Dayanıqlı Mobillik, Kənd Təsərrüfatı, Balıqçılıq və Ərzaq nazirliklərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı, dövlət idarəçiliyində məlumat əsaslı həllər, innovasiya ekosisteminin gücləndirilməsi, nəqliyyat-logistika və ərzaq təhlükəsizliyi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Beynəlxalq Zeytun Şurasının icraçı direktoru Jaime Lillo Lopez ilə görüşdə Azərbaycanın qurum çərçivəsində fəaliyyəti, zeytunçuluq sahəsində beynəlxalq standartların tətbiqi, texniki əməkdaşlıq, sertifikatlaşdırma, ekspert dəstəyi və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib.
Bakı 
















