q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Yaxın Şərqdə müvəqqəti atəşkəs: Gərginlik yeni fazaya keçir?

SİYASƏT

21 Aprel 2026 | 16:49

Yaxın Şərqdə müvəqqəti atəşkəs: Gərginlik yeni fazaya keçir?

Son hadisələr fonunda Yaxın Şərqdə müvəqqəti atəşkəs əldə olunsa da, tərəflər arasında strateji qarşıdurma davam edir. 

Bu atəşkəs real sabitliyə keçid mərhələsidir, yoxsa tərəflərin növbəti hərbi fazaya hazırlaşması üçün taktiki fasilədir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, İslamabadda ikinci görüşün keçirilməsi planlaşdırılır və onun sabah baş tutacağı gözlənilir. Görüş əslində bu gün olmalı idi, lakin baş tutmadı:

“Ümumilikdə tərəflər arasında müəyyən fikir ayrılıqları mövcuddur. Xüsusilə ABŞ tərəfindən tətbiq olunan blokadanın aradan qaldırılması tələb olunur, eyni zamanda İran dondurulmuş aktivlərinin azad edilməsini istəyir”.

Politoloqun sözlərinə görə, Vaşinqton daha çox təzyiq vasitəsilə İranı geri çəkilməyə məcbur etməyə çalışsa da, rəsmi Tehran bu təzyiqlərə boyun əymək niyyətində deyil və buna konkret cavablar verir. Bu kontekstdə son dövrlərdə Çinin İrana göstərdiyi dəstək də açıq şəkildə hiss olunur. Bu dəstək həm hərbi balansı müəyyən qədər dəyişir, həm də prosesin uzanmasına səbəb olur:

“Hesab edirəm ki, tərəflər bu və ya digər formada razılığa gələcəklər, lakin bu, tam mənada sülh olmayacaq. Çünki ABŞ-nin İranla bağlı siyasətinin kökündə İsrailin tələbləri dayanır”.

Turan Rzayev: ABŞ-nin İranla bağlı siyasətinin kökündə İsrailin tələbləri dayanır

Müsahibimiz qeyd edir ki, İsrailin tələbləri isə İranın parçalanması, hakimiyyətin dəyişməsi, nüvə silahı istehsalının və istifadəsinin dayandırılması, həmçinin uranın zənginləşdirilməsinin qarşısının alınması kimi məsələləri əhatə edir. Bu kimi konsepsual məsələlər həll olunmadan yekun sülhün əldə edilməsi çətin görünür:

“Digər tərəfdən, İran artıq ABŞ-dən çəkinmədiyini də nümayiş etdirir. Əvvəllər bu yalnız bəyanat səviyyəsində idisə, indi praktik addımlarla da təsdiqlənir. Bu isə ABŞ üçün ciddi prestij itkisi hesab oluna bilər və Vaşinqtonun bunu bərpa etməyə çalışacağı gözləniləndir“.

T.Rzayevin fikrincə,  Vaşinqton hazırda gücünü toparlamaq və daha təsirli addımlar atmaq üçün zamana ehtiyac duyur. Buna görə də İslamabad danışıqlarında müəyyən nəticənin əldə olunmasına çalışılacaq və bundan sonra tərəflər arasındakı gərginlik yeni mərhələyə keçməzdən əvvəl müvəqqəti gözləmə fazasına daxil olacaq.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR