2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətdi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000-ə yaxın hərbi qulluqçusu həlak old, yüzlərlə hərbi qulluqçumuz itkin düşdü, minlərlə hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Əziz millətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bizə düşən şəhidlərimizin bizlərə əmanət etdiyi vətən torpağını qorumaq və sonrakı nəsillərə çatdırmaqdır.
Ədliyyə Nazirliyinin sabiq əməkdaşı Xəlilov Ruhin Müzəffər oğlu da torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızdandır. Bütün qəhrəman oğullarımız kimi onun da adı əbədi yaşayacaq.
Uca Allah cəmi şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilir.
İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi II-dərəcəli ədliyyə qulluqçusu
Rafiq Məhəddinov
















