• Bakı 16° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Azərbaycanda kanat yollarında təhlükəsizliyimiz nə dərəcədə qorunur?

CƏMİYYƏT

15 Aprel 2024 | 16:13

Azərbaycanda kanat yollarında təhlükəsizliyimiz nə dərəcədə qorunur?

Xəbər verdiyimiz kimi Antalyada kanatda qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu qəza diqqəti Azərbaycanda fəaliyyət göstərən kanat yollarına çəkib.

Görəsən, belə hadisələrin baş verməməsi üçün nələrə diqqət edilməlidir? Azərbaycanda istismar qaydalarına nə dərəcədə əməl olunur?

Mövzu ilə bağlı Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksindən Bakıvaxtı.az-a bildirilib ki, kanat xətlərinin texniki servis işləri daim ön plandadır.

Kanatlara üz tutan qonaqların sayında azalmanın bayram günləri ilə əlaqədər olduğu, bir neçə gün müddətində dəqiq bilinəcəyi qeyd olunub.

Şahdağ Turizm Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, hər il bir dəfə - qış mövsümündən 2 ay qabaq xarici mütəxəssislər dəvət olunur, bütün kanat xətləri 0-dan yoxlanılır, onlara texniki baxış keçirilir və bundan sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri dəvət olunur və yalnız onların icazəsi olduqdan sonra kanat xətlərinin istifadəsinə icazə verilir.

Kanat xətlərinin saat 9-da açılıb, saat 17.00-da bağlandığı nəzərə çatdırılaraq, qeyd olunub ki, hər gün Şahdağ tərəfindən ayrılmış xüsusi mütəxəssislər kanatlar bağlandıqdan sonra onları yenidən yoxlayır:

“Əsasən kanat xətləri qış aylarında hamısı fəaliyyət göstərir, yay aylarında isə onların əksəriyyəti bağlanır və yalnız 1-2-i piyadalar üçün istifadəyə verilir”.

Elmar Nurəliyev: Kanat yolları hər gün texniki müayinədən keçdikdən sonra istismarına icazə verilməlidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, ümumiyyətlə funikulyorlar, kanat yolları təhlükə potensiallı obyektlər siyahısındadır və onların istismarı zamanı texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizlik qaydalarına, sanitar normalara riayət olunmaqla həyata keçirilməlidir.

Ekspert qurğuların təhlükəsizliyinə nəzarət edən şəxslərin olmasının vacibliyini diqqətə çatdırıb.

“Bunların bütün qurğuları, detalları, trosları, əyləc sistemi, elektrik sistemi hər biri lisenziyalı, yalnız akreditasiyadan keçmiş müəssisələr tərəfindən istehsal olunan detallar olmalıdır və texniki müayinələri hər biri təyin olunmuş günlərdə mütləq vaxtlı-vaxtında aparılmalıdır. Bunların istismarına mütləq cavabdeh şəxslər olmalıdır”.

E.Nurəliyev həmin şəxslərin istismar qaydalarına düzgün riayət edilməsinə, insanların bu qurğulardan istifadəsi zamanı təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələrinin önəmini vurğulayaraq, qeyd edib ki, yaranan nasazlıqların aradan qaldırılırması yalnız ixtisaslaşmış müəssisələr tərəfindən təmin edilməlidir.

Müsahibimiz kanat yollarında, funikulyorlarda baş verən qəzaların əsas səbəbinin istismar müddəti başa çatan detalların, qurğuların vaxtında dəyişdirilməməsi, texniki müayinənin keçirilməməsi, müayinə zamanı aşkar olan nöqsanların aradan qaldırılmamasından qaynaqlandığını bildirib:

“Bu kanat yolları hər gün texniki müayinədən keçdikdən sonra, heç bir nasazlıq aşkar edilmədikdən sonra istismarına icazə verilməlidir. Ona görə şəraitindən, harada olmasından asılı olmayaraq texniki müayinəsi tam ciddi surətdə aparılmalıdır”.

Təhlükəsizlik eksperti cavabdeh şəxslərin bilik və bacarıqlarının artırılması, texniki müayinələrin vaxtında keçirilməsi, nasazlıqların vaxtında aradan qaldırılması istiqamətində aparılan tədbirlər planını mütləq həyata keçirilməli olduğunu ön plana çəkib:

“Türkiyədə baş verən hadisədən sonra bizdə də kanat yollarının hansı müəssisə tərəfindən nəzarət edilirsə, bir daha nəzərdən keçirsinlər ki, gələcəkdə belə bədbəxt hadisə baş verməsin”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Aprel 2024