• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Kişinyov danışıqlarına mənfi təsir göstərən AMİLLƏR: Ümid edək ki, iyulda...

SİYASƏT

02 Iyun 2023 | 15:44 | Müəllif: Qalib İbrahimoğlu

Kişinyov danışıqlarına mənfi təsir göstərən AMİLLƏR: Ümid edək ki, iyulda...

“Əslində Kişinyov formatı danışıqların aparılması üçün bir format kimi qəbul edilməyib. Sadəcə, bu sammit çərçivəsində qeyri-formal görüşün keçirilməsi ideyası mövcud idi, onun reallaşdırılması istiqamətində addım atıldı”.

Bunu Bakıvaxtı.az-a deputat Elman Nəsirov Kişinyovda keşirilən beştərəfli görüşü şərh edərkən deyib.

Qeyd edək ki, iyunun 1-də Kişinyov şəhərində Avropa Siyasi İcması Sammiti çərçivəsində üçtərəfli, sonra isə beştərəfli formatda görüş keçirilib. Üçtərəfli formatda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib. Beştərəfli formatda isə prosesə Fransanın prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şols da qoşulub.

Deputat hesab edir ki, söhbət, heç bir halda, yeni bir formatdan getmir. Onun sözlərinə görə, əgər problemin həllinə təkan verirsə, niyə də belə görüşlərdən imtina edilsin. Azərbaycanın bu danışıqlarda iştirakının əsas mahiyyəti məhz bununla bağlıdır.

Elman Nəsirov: 1 iyunda Kişinyovda möcüzə gözləmək mənasız idi

Onun sözlərinə görə, Praqa görüşünün yaddaşlarda mənfi iz qoymuş bir tarixçəsi var: “Həmin görüşdə Fransa prezidenti Makron iştirak etmişdi. Nəticə etibarilə bundan sonrakı danışıqlarda çox ciddi pauza əmələ gəldi. Bu da Fransa prezindentinin açıq-aşkar ermənipərəst mövqeyi ilə bağlıdır. Ancaq budəfəki görüşdə təkcə o deyil, həm də Almaniyanın kansleri iştirak edirdi. Bu, müəyyən mənada, ümidlər doğururdu ki, Almaniya obyektiv rol oynayacaq. Almaniya-Azərbaycan münasibətləri yaxşı olduğu üçün kanslerin iştirakı Azərbaycan tərəfdən də müsbət qarşılandı”.

Görüşün nəticəsinə gəlincə, E.Nəsirov deyib ki, Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələlər üzrə köməkçisinin verdiyi məlumata görə, artıq bu görüşün nəticəsi olaraq müəyyən pozitib proseslər gedib: “Hesab edirəm ki, başlıcası bu görüşdə əldə edilmiş razılaşma ondan ibarətdir ki, iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiya məsələsində 1991-ci ilin Almatı bəyənnaməsi əsas götürülsün. Yeri gəlmişkən, belə bir razılaşma Praqada da əldə edilmişdi”.

Müsahibimiz onu da qeyd edib ki, artıq iyul ayında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli formatda Brüsseldə görüş keçirilməs razılığına gəlinb, Deputat bildirib ki, bu görüşdə nə Makron, nə də Şols iştirak edəcək: “Azərbaycanın da məqbul hesab etdiyi bu variantdır. Təəssüf doğuracaq addım onunla bağlıdır ki, görüşün nəticələri ilə bağlı Şarl Mişel hər zaman geniş bəyanatla çıxış edirdi, bu dəfə isə Makron da görüşün nəticələri ilə bağlı bəyanat verdi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Makron yaydığı məlumatda artıq danışıqlar prosesi və orda əldə edilmiş müəyyən razılaşmalar tamamilə təhrif edilmiş şəkildə təqdim olunub. Bu da xoşagəlməz hadisədir. Hətta mən deyərdim ki, burda təəccüblü bir şey yoxdur, gözləniləndir. Praqada da belə olmuşdu. Təəssüf doğuran məqam, həm də odur ki, bu görüş ərəfəsində 1 iyuna qədər olan prosesləri izləsək, görəcəyik ki, Ermənistan yenə də atəşkəsi pozub. Bu da 1 iyun danışıqlarına mənfi təsir edə biləcək amillər kimi qiymətləndirilməlidir”.

İyunun 1-də sülh müqaviləsinin imzalanacağı barədə deyilənlərə də münasibən bildirən E.Nəsirovun sözlərinə görə, proseslərin gedişatı, Ermənistanın səsləndirdiyi son bəyanatlar ona dəlalət verir ki, 1 iyunda Kişinyovda möcüzə gözləmək mənasız idi: “Orada hər hansı sənədin imzalanacağıan elə bir ümid yoxdur, necə ki Moskva görüşündə hər hansı sənəd imzalanmadı. Ancaq hər halda iyul ayında Brüsseldə növbəti görüş keçiriləcək. Çox istərdik ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması istiqamətində ciddi kəmiyyət dəyişikləri keyfiyyətə keçsin”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026