Müasir dövrdə ekran qarşısında sərf olunan vaxtın artması insanların kitab oxuma vərdişinə ciddi təsir göstərir. Mütəxəssislər bunun həm diqqət dağınıqlığı yaratdığını, həm də əyləncə üçün oxuya olan marağı azaltdığını bildirirlər.
Bakıvaxtı.az xəbər verir ki, Milli İncəsənət Fondunun 2022-ci il hesabatına görə, ABŞ-də böyüklərin yalnız 48,5 faizi il ərzində ən azı bir kitab oxuduğunu deyib. Bu rəqəm beş il əvvəl 52,7 faiz, on il əvvəl isə 54,6 faiz idi.
Oxşar tendensiya Böyük Britaniyada da müşahidə olunur — 2024-cü il məlumatları böyüklərin yarısının müntəzəm olaraq zövq almaq üçün kitab oxumadığını göstərir.
Amerika Kitabxana Assosiasiyasının prezidenti Sem Helmik bildirir ki, dünya getdikcə daha çox diqqəti yayındırır və oxuma vərdişini qorumaq çətinləşir.
Mütəxəssislər kitab oxumağın beyin sağlamlığı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayırlar. Xüsusilə bədii ədəbiyyat yaşlı insanlarda empatiyanı artırır, sosial-koqnitiv bacarıqları gücləndirir və koqnitiv funksiyaları qorumağa kömək edir. Oxumaq həmçinin stressin azalmasına və zehni rahatlığa xidmət edir. Bir çox insanlar yatmazdan əvvəl bir neçə səhifə oxumağın yuxuya keçidi asanlaşdırdığını bildirirlər.
Bununla belə, oxu vərdişinin zəifləməsinin əsas səbəbləri dəyişməz olaraq qalır: sosial şəbəkələrin yaratdığı sürətli informasiya axını, daimi stimul tələbi və çoxlu multimedia platformalarının rəqabəti. Mütəxəssislər həmçinin insanın sevmədiyi kitabları oxumağa məcbur etməsinin motivasiyanı azaltdığını qeyd edirlər.
Oxu vərdişini bərpa etmək üçün mütəxəssislər kiçik addımlarla başlamağı, gündə cəmi 10–15 dəqiqə oxuma müddəti təyin etməyi, maraq dairəsinə uyğun kitab seçməyi və ekranlardan müəyyən fasilələr verməyi tövsiyə edirlər.
Əli Hüseynov
Bakı 



