ABŞ və Sovet İttifaqı arasındakı kosmik yarışın sürətləndiyi 1960-cı illər bir çox tarixi hadisələrə şahidlik edib.
Bakıvaxtı.az Qaynarinfo-ya istinadla xəbər verir ki, o dövrdə kosmik proqramlarda iştirak edən astronavt və kosmonavtlar ard-arda tarixə adlarını yazdırdılar. Onlardan biri də rus kosmonavt Vladimir Komarov olub. Lakin onun hekayəsi digərləri qədər xoşbəxt sonluqla bitməyib.
Adətən insanın kosmik səyahəti deyildikdə ilk olaraq Yuri Qaqarin və Nil Armstronq kimi adlar xatırlanır. Lakin onlarla eyni dərəcədə əhəmiyyətli olsa da, adını çox az adamın bildiyi bir başqa qəhrəman da var: Vladimir Komarov.
Soldan-sağa: Yuri Qaqarin, Yevgeni Qrunov, Vladimir Komarov, Aleksey Yelisyev və Valeri Bikovski
Komarov 1967-ci ildə, 40 yaşına çatdıqdan bir ay sonra "Soyuz 1" kosmik gəmisində dünya orbitində 24 saatlıq təkbaşına sınaq uçuşu həyata keçirib. Bu, Komarovun ilk kosmik uçuşu olmayıb. O, 1964-cü ildə "Voshod 1" missiyasını uğurla tamamlayıb və buna görə də "Soyuz 1"in test uçuşu üçün əsas namizəd seçilib.
Əvvəlcə hər şey qaydasında gedir. Lakin Komarov 16 orbit dövrəsini tamamladıqdan sonra Yerə qayıdarkən paraşüt sistemində problem yaranıb. Paraşütün açılmaması nəticəsində Komarovun kapsulu yerə çırpılaraq partlayıb və kosmosda həyata keçirilən bir uçuşda həyatını itirən ilk insan kimi tarixə düşüb.
Aviasiya tarixinə "Kosmosdan düşən adam" kimi düşən Komarovun son anlarında etdiyi danışıqların səs yazıları isə inanılmaz detallar ortaya qoyur. Komarovu daşıyan "Soyuz 1" gəmisinin günəş panellərinin ikisi orbitə yerləşdikdən sonra tam açılmayıb, bu da onun naviqasiya avadanlığını istifadəyə mane olub.
Komarov kosmik gəmisini Günəşə yönəltməli idi. Lakin dəfələrlə etdiyi manevrlərə baxmayaraq bunu bacarmayıb.
Üstəlik, "Soyuz 1"dən gələn siqnallar qeyri-dəqiq məlumatlar ötürüb. Nəhayət, bir anda kosmik gəmi ilə Yer arasındakı rabitə əlaqəsi tamamilə kəsilib.
Bundan sonra Komarova gəmini ion axını sensorlarından istifadə edərək döndərməsi əmri verilib. Lakin bu cəhd də uğursuz olub. Ən pisi isə onun gəmiyə əl ilə nəzarət etmək üçün kifayət qədər vaxtının olmaması olub.
Yer atmosferinə daxil olmağı bacaran Komarov əyləc paraşütünün açılmadığını görüb. O andan etibarən isə onun həyatda qalması demək olar ki, mümkünsüz idi.
"Soyuz 1" nəzarətsiz şəkildə inanılmaz sürətlə yerə doğru hərəkət edirdi. Bu vəziyyətdə Komarovun gəmidən sağ çıxması qeyri-mümkün idi.
Maraqlıdır ki, Komarovun Sovet kosmik proqramının yüksək vəzifəli şəxslərindən biri olan Aleksey Kosıgin ilə etdiyi son söhbət ABŞ-ın Türkiyədə yerləşən dinləmə mərkəzi tərəfindən qeydə alınıb.
2011-ci ildə yayımlanan "Starman" kitabına (Ceymi Doran və Piers Bizoninin əsəri) görə, Komarov Yerə düşərkən "Bu gəmi bir şeytandır! Əlimi vurduğum heç nə düzgün işləmir!" deyə qışqırıb.
Lakin Rusiya Dövlət Arxivlərində olan rəsmi transkriptlərdə Komarovun son sözləri tamamilə fərqli əks olunub. Rəsmi qeydlərə görə, Komarovun Kosıginə dediyi son sözlər bunlar idi:
"Özümü mükəmməl hiss edirəm, hər şey qaydasındadır. Bütün bunları mənə ötürdüyünüz üçün təşəkkür edirəm. Ayrılma həyata keçirildi".
Daha sonra transkriptdə "Təşəkkürlər. Bunun baş verdiyini hər kəsə danışın" yazılır. Bundan sonrası isə tam başa düşülmür.
Doran və Bizoninin araşdırmalarına görə, Komarovu daşıyan "Soyuz 1" gəmisində 200-dən çox struktur qüsuru olub. Üstəlik, bu problemlər test uçuşundan əvvəl də məlum imiş. "Soyuz 1"in əvvəlki insansız testləri uğursuzluqla nəticələnmişdi.
Hətta Komarov və onun ehtiyat pilotu Yuri Qaqarin missiyanın təxirə salınmasını tələb etmişdilər, lakin bu müraciət nəticəsiz qalmışdı.
Niyə xilasetmə sistemindən istifadə etmədi?
Komarovun son sözləri ilə bağlı yekdil bir fikir olmasa da, sonrakı hadisələr hamı tərəfindən eyni qaydada qeyd edilir: Komarov Yerə nəzarətsiz şəkildə çırpılıb və 24 aprel 1967-ci ildə baş verən partlayış nəticəsində həyatını itirib.
O dövrün qəzet xəbərlərinə görə, Komarovun bədəni tamamilə yanmışdı və kimliyi yalnız topuq sümüyü vasitəsilə müəyyən edilə bilmişdi. Lakin o gündən bu yana cavabsız qalan ən vacib sual budur: Komarov niyə "Soyuz 1"in xilasetmə sistemindən istifadə edərək kosmik gəmidən çıxmadı?