• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Magistratura: Proqnozlar özünü nə dərəcədə doğrultdu? - “Əminəm ki, sorğu keçirilsə…”

CƏMİYYƏT

04 Iyul 2024 | 10:28

Magistratura: Proqnozlar özünü nə dərəcədə doğrultdu? - “Əminəm ki, sorğu keçirilsə…”

Xəbər verdiyimiz kimi, iyulun 2-də 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.

Bəs görəsən imtahandan sonra və seçim prosesi zamanı deyilən proqnozlar özünü nə dərəcədə doğruldub?

Bu barədə Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, proqnozlar arasında özünü doğruldan da oldu, doğrultmayan da.

Onun sözlərinə görə, bəzən eyni ekspertlər builki magistraturaya qəbulda sıxlığın yaranacağını, keçid ballarının qalxacağını bildirsələr də, məhz yenə həmin şəxslər bir neçə gündən sonra bunun tam əksini deyiblər və ixtisas seçimi nəticələri çıxandan sonra təbii ki, vəziyyət məlumdur - keçid ballarının aşağı düşməsini hər kəs görə bilib.

E.Nuri iyunun 30-da ixtisas seçiminin bitməsindən sonra, yəni iyulun 1-də DİM tərəfindən statistikanın açıqlandığını vurğulayıb və qeyd edib ki, 15796 plan yeri uğrunda 15660 nəfər mübarizə aparıb. Yəni plan yerlərinin sayı ixtisas seçiminə buraxılanların sayından çoxdur:

“Düzdür, bu o demək deyil ki, o say bu saydan çoxdursa, mütləq hər kəs qəbul olub magistr adını qazanacaq. Xeyr. Burda ixtisas seçimi, kodlaşdırma elə ola bilər ki, aləm bir-birinə dəyər. Yenə də bu, müraciətçinin seçimindən asılıdır. Amma fakt faktlığında qalır ki, plan yerləri bu dəfə də tam dolmamış hesab olundu. Mən düşünürəm ki, boş qalan yerlərə əlavə qəbul keçiriləcək”.

Ekspert keçənilki statisikanı nəzərə çatdıraraq ötən il 14171 plan yeri uğrunda 17359 nəfərin mübarizə apardığını söyləyib. Bildirib ki, seçim mərhələsində ötənilki rəqabət builki rəqabətdən daha çox idi.

Builki vəziyyəti qəlizləşdirən detalın test imtahan mərhələsinin mürəkkəbliyi, ixtisas seçiminə çox adamın qatılmaması və builki müraciətçilərin sayının ötənilkilərdən çox olması olduğunu deyən müsahibimiz, bu il ixtisas seçiminə buraxılanların sayının ötən il ixtisas seçiminə buraxılanların sayından həddindən artıq az olduğunu diqqətə çatdırıb:

“Onlar minimal balları, yəni müəyyən ixtisaslar üzrə 50, 45, 40 balı toplaya bilmədilər. Tutaq ki, MBA üçün 45 bal lazım idi, amma toplaya bilmədilər. Rəqabət bu baxımdan çox idi”.

Bunun bir neçə səbəbi olduğunu bildirən təhsil eksperti, ilk olaraq ingilis dili ilə bağlı yeniliklərin esse mərhələsinin əlavə edilməsi, qrammatik əsaslı sualların azaldılaraq mətnin təhlili, oxuma-dinləmə suallarının çoxaldılması ilə müşahidə olunduğunu qeyd edib.

Elmin Nuri: Essedən 5 balı toplamağı heç Azərbaycan təhsilindəki ingilis dili müəllimlərinin çoxu bacarmaz

Həmsöhbətimiz 5 balın yerini essenin tutduğunu, bir çox tələbənin də bundan imtina etdiyini deyərək, onların buna haqları olduqlarını vurğulayıb:

“Çünki esse mərhələsinin tələbləri çox güclü idi. Tələbələrdən akademik səviyyəyə uyğun lüğət bazası tələb edirdi. Həmin lüğət bazasının məişət üslubunda deyil, az qala yarı-akademik səviyyəyə uyğun olması, çox güclü əlaqələndirmə tələb etməsi çox adamın bunu cavablandıra bilməməsinə səbəb oldu. Orda 1 balı toplamaq belə o qədər də asan deyil. Essedə 5 balı toplamağı heç Azərbaycan təhsilindəki ingilis dili müəllimlərinin çoxu bacarmaz ”.

Müsahibimiz Məntiq fənninin əvvəlki illərə nisbətən bu il, xüsusən də 2-ci cəhddə həddindən artıq çətinləşdirildiyini qeyd edib:

“Məntiqlə bağlı suallar qruplara bölünür: Verbal, riyazi həll tələb edən və fiqurlu məntiq testləri. Bunların hər birində riyazi bilik tələb olunur. Amma bu dəfə birbaşa riyazi bacarıqlarla bağlı suallar salındı. Sanki YÖS-ün, riyaziyyat üzrə olimpiadanın sualları idi. Onsuz da məntiq riyaziyyatla doğmadır. Məntiqə aid sualların kökündə riyaziyyat var. Amma riyazi təfəkkür ayrıdır, birbaşa riyazi həll tələb edən sualların olması ayrı. Bu sualların sayı şişirdilmişdi”.

E.Nuri İnformatika fənni ilə bağlı ciddi problem görmədiyini bildirib. Onun sözlərinə görə, elementar olmasa da, müəyyən bir nəzəri bazası olan, hazırlıq proqramı üzrə az da olsa hazırlaşmış şəxslər informatikadan ən azı 15 bal yığmağa borclu idilər:

“Amma bizim informatika hazırlığı ilə məşğul olan şəxslər deyirlər ki, bu il informatika çox zəifdir. Nəticə o yerə çatıb ki, 10-15 bal yığan müdavimləri uğurlu müdavim hesab ediblər”.

Ekspert söyləyib ki, rəqabətlilik 1-ci mərhələdə olub. 2-ci mərhələdə, yəni seçim mərhələsində isə bu hiss olunmayıb və nisbətən ağıllı seçim edən şəxs çox rahatlıqla magistr adını ala bilərdi:

“Bu, təbii ki, bizim şəxsi yanaşmamızdır. Nəyinsə dəyişdirilməsini tələb etmək səlahiyyətində deyilik. Sadəcə ümumi çoxluğun fikrini fürsətdən istifadə edərək çatdırırıq. Əminəm bir sorğu keçirilsə, bu fikirlərimiz 100/100 öz təsdiqini tapacaq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

06 Iyul 2024