Fransa gələn il növbəti prezident seçkilərinə hazırlaşır. Bu seçki təkcə Emmanuel Makronun Yelisey sarayından getməsi ilə deyil, bütövlükdə ölkədə son on ildə formalaşmış siyasi modelin sınağa çəkilməsi ilə yadda qala bilər.
Fransa Konstitusiyasına əsasən Makron ardıcıl üçüncü müddətə namizəd ola bilməz və nəticədə 2017-ci ildən etibarən mərkəz ətrafında qurduğu siyasi sistem ilk dəfə onun şəxsi namizədliyi olmadan seçkiyə gedəcək. Problem ondadır ki, Makronun hakimiyyəti dövründə ənənəvi sosialist və respublikaçı partiyalar zəifləyib, siyasi meydan isə mərkəz, radikal sol və radikal sağ arasında daha kəskin şəkildə parçalanıb. 2024-cü il növbədənkənar parlament seçkilərindən sonra Milli Assambleyada da sabit çoxluğun yaranmaması Fransanın idarəçilik problemini dərinləşdirdi. Buna görə 2027-ci il seçkisi sadəcə yeni prezidentin müəyyənləşdirilməsi deyil, eyni zamanda ölkədə hansı siyasi blokun növbəti mərhələnin əsas qüvvəsinə çevriləcəyinin müəyyən olunması demək olacaq.
Hazırda ən ciddi siyasi dinamika Marine Le Pen və Jordan Bardellanın təmsil etdiyi Milli Birlik - Rassemblement National ətrafında müşahidə olunur. Maraqlı məqam budur ki, 7 iyul 2026-cı ildə Paris Apellyasiya Məhkəməsinin qərarından sonra Le Penin 2027-ci il prezident seçkilərində iştirakı üçün hüquqi yol açıq qalıb. Bu isə əvvəlki aylarda Bardellanın avtomatik olaraq RN-nin prezidentliyə namizədi olacağına dair gözləntiləri dəyişib. İyul ayında aparılmış bəzi sorğularda Le Pen birinci tur üçün 35-37 faiz civarında dəstək alır və digər potensial namizədləri əhəmiyyətli fərqlə qabaqlayır. Eyni zamanda Bardella artıq yalnız etiraz elektoratının deyil, biznes dairələrinin və ənənəvi sağ seçicilərin də dəstəyini qazanmağa çalışır. Bu göstərir ki, RN-nin məqsədi əvvəlki seçkilərdə olduğu kimi sadəcə ikinci tura çıxmaq yox, 2027-ci ildə hakimiyyəti real şəkildə əldə etməkdir.
Bununla yanaşı, RN-nin yüksəlişini yalnız sağ populizmin güclənməsi ilə izah etmək düzgün olmazdı. Fransada miqrasiya, təhlükəsizlik, alıcılıq qabiliyyətinin azalması, dövlət borcu, sosial xərclər və həyat səviyyəsi kimi məsələlər seçici davranışına getdikcə daha çox təsir göstərir. Əhalinin müəyyən hissəsində Paris siyasi elitasına və mövcud idarəetmə modelinə qarşı narazılıq var və RN məhz bu narazılığı siyasi kapitala çevirməyə çalışır. 2022-ci il prezident seçkisinin ikinci turunda Makron 58,55 faiz, Le Pen isə 41,45 faiz səs toplamışdı; müqayisə üçün, 2017-ci ildə fərq daha böyük idi. Başqa sözlə, Le Pen xətti iki prezident seçkisi arasında öz elektoratını əhəmiyyətli dərəcədə genişləndirib və RN artıq Fransa siyasətində periferik qüvvə deyil.
Makron düşərgəsinin ən böyük problemi isə onun yerini tutacaq vahid və güclü siyasi fiqurun hələ tam müəyyənləşməməsidir. Hazırda keçmiş baş nazir Edouard Philippe mərkəz və mərkəz-sağ elektoratı birləşdirə biləcək ən real namizədlərdən biri hesab edilir. Sorğularda Philippe adətən RN namizədindən sonra ikinci yer uğrunda ən güclü mövqelərdən birini tutur. Gabriel Attal da prezidentlik perspektivi olan siyasətçidir, lakin Makronla həddindən artıq siyasi identifikasiya olunması onun üçün həm üstünlük, həm də problem yarada bilər. Fransanın klassik sağ düşərgəsi – Respublikaçılar isə ayrıca namizədlə meydana çıxarsa, mərkəz-sağ səslər parçalanacaq və bu, RN-nin ikinci tura daha rahat çıxmasına şərait yarada bilər. Beləliklə, 2027-ci ildə əsas məsələ RN-nin birinci tura çıxıb-çıxmayacağı deyil, onun qarşısında ikinci tura keçə biləcək vahid alternativin formalaşıb-formalaşmayacağıdır.
Sol düşərgədə vəziyyət daha mürəkkəbdir. Jean-Luc Melenchon radikal sol elektorat daxilində böyük səfərbərlik imkanına malikdir və 2022-ci ildə birinci turda 21,95 faiz səs toplayaraq ikinci tura çox yaxınlaşmışdı. Lakin sosial-demokrat, yaşıl və daha radikal sol seçicilər arasında ciddi ideoloji fərqlər qalır. Raphaël Glucksmann kimi daha mötədil sol namizədlər şəhərli və Avropapərəst seçicilər arasında rəqabət qabiliyyətinə malik olsalar da, vahid sol namizədin müəyyənləşdirilməməsi bu düşərgənin əsas zəifliyidir. Əgər 2027-ci ildə Mélenchon, Glucksmann və digər sol namizədlər paralel şəkildə iştirak edərlərsə, səslərin parçalanması nəticəsində solun ikinci turdan kənarda qalması tamamilə realdır. Bu halda Fransa seçkilərinin əsas qarşıdurması RN ilə Philippe və ya başqa mərkəzçi-mərkəz sağ namizəd arasında gedə bilər.
2027-ci il seçkisinin nəticəsi Fransanın xarici siyasəti və bütövlükdə Avropa üçün də mühüm olacaq. Mərkəzçi və ya ənənəvi sağ namizəd qalib gəlsə, Parisin Aİ daxilində liderlik iddiası, NATO ilə əməkdaşlıq, Ukraynaya siyasi-hərbi dəstək və Avropanın strateji muxtariyyətinin gücləndirilməsi xətti böyük ehtimalla davam etdiriləcək. RN hakimiyyətə gəlsə isə miqrasiya, milli suverenlik, Brüsselin səlahiyyətləri və Fransa qanunlarının Aİ qaydaları ilə münasibəti daha sərt siyasi mübahisə mövzusuna çevrilə bilər. Bununla belə, RN-nin hakimiyyətə gəlməsi Fransanın avtomatik şəkildə Aİ və ya NATO-dan uzaqlaşması mənasına gəlmir; partiya son illərdə bu məsələlərdə daha praqmatik və institusional görünməyə çalışır. Əsas dəyişiklik Fransanın Avropa inteqrasiyasına münasibətində - “daha çox Avropa” yanaşmasından “daha çox milli suverenlik” yanaşmasına keçid ola bilər. Buna görə 2027 seçkiləri Makrondan sonra kimin prezident olacağından daha böyük sualı cavablandıracaq: Fransa mərkəzçi Avropa modelini qoruyacaq, yoxsa müharibədən sonrakı dövrün ən ciddi sağ siyasi dönüşlərindən birini yaşayacaq?
Züriyə Qarayeva
Bakı 



