• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

MEDİA və MŞ-nin birgə təşkilatçılığı ilə konfrans… – FOTOLAR

GÜNDƏM

07 Noyabr 2025 | 14:10

MEDİA və MŞ-nin birgə təşkilatçılığı ilə konfrans… – FOTOLAR

Noyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (AMEA) Medianın İnkişafı Agentliyinin (MEDİA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, konfransın məqsədi media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək olub.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov konfransın ideyasının noyabrın 3-də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi çox aktual və önəmli bir mövzu ilə bağlı olduğunu qeyd edərək, medianın ədəbi dilin qorunmasında strateji rol oynadığını vurğulayıb. Azərbaycan dilinin informasiya məkanında təbliği və inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Kamran Həsənov bildirib ki, efir məkanında, çap mediası və rəqəmsal media platformalarında ədəbi dil normalarına əməl olunması milli mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

O qeyd edib ki, Azərbaycan dilinin beynəlxalq müstəvidə və müxtəlif qlobal platformalarda təbliği yüksək səviyyədə dəstəklənir. Sektor müdiri bildirib ki, mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozaraq gənclərin dil mühitinə mənfi təsir edir. Buna görə yeni terminlərin dilimizə gətirilməsində, dilimizin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.

Tədbir çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə keçirilən birinci panel sessiyada “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusu müzakirə olunub.

Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova efirlərdə müəyyən qüsurların müşahidə olunduğunu qeyd edib. O, aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmədiyini vurğulayıb.

Gülşən Əkbərova gənc diktorlara, aparıcı və jurnalistlərə vurğu lüğətlərindən daha çox istifadə etməyi tövsiyə edib.

Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova sosial media dili ilə efir dili arasında sərhədlərin demək olar ki, tamamilə itdiyini qeyd edib. Onun sözlərinə görə, klassik efir dilində, düzgün Azərbaycan dilində danışanda bu günün gənc nəsli, tamaşaçı bunu köhnəlmiş üslub kimi qəbul edir. Onlara elə gəlir ki, kitab dilində danışırıq və bunu süni qəbul edirlər.

Səadət Məmmədovanın fikrincə, ana dilində təhsil almaq başqa dillərdə təhsil almağın kölgəsində qalıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə hazırda Dilçilik İnstitutunda mühüm işlər görüldüyünə diqqət çəkib. Bildirib ki, orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır, dil korpusu üzərində sistemli iş aparılır.

Müasir dövrdə beynəlxalq leksikondan istifadənin qaçılmaz olduğunu deyən Nadir Məmmədli qloballaşma prosesinin informasiya mühitinə də təsir etdiyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin moderatorluğu ilə keçirilən ikinci panel sessiyası “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusuna həsr olunub.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı Azərbaycan dili üçün imla və üslub səhvlərini yoxlayan süni intellekt əsaslı sistemin yaradılmasına ehtiyac olduğunu söyləyib. O, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda bu istiqamətdə normativlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ədəbi dilin formalaşmasının təkcə yazıçıların və alimlərin deyil, həm də jurnalistlərin əməyinin nəticəsi olduğunu deyib. O bildirib ki, qəzet və jurnallar, radionun və televiziyanın dili, müasir informasiya saytları xalqın danışıq və yazı üslubuna təsir göstərən əsas vasitələrdir.

Jurnalist Seyfəddin Hüseynli Azərbaycan dilinin işlənməsi və düşüncə tərzinin formalaşması məsələsində nəsillərarası fərqin artıq daha qabarıq şəkildə hiss olunduğunu söyləyib. Seyfəddin Hüseynli gənclərə müraciət edərək dilə münasibətin, onu hiss etməyin vacib olduğunu vurğulayıb.

Konfrans işini müzakirələrlə davam etdirib.


SON XƏBƏRLƏR