• Bakı 17° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Medvedyevdən Paşinyana "Trotski" hədəsi: İrəvan hansı yolu seçəcək?

SİYASƏT

02 Iyun 2026 | 16:47

Medvedyevdən Paşinyana Trotski hədəsi: İrəvan hansı yolu seçəcək?

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyanın həm Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq, həm də Avropa Birliyinə inteqrasiya kursunu eyni vaxtda davam etdirmək cəhdlərini kəskin tənqid edib. Medvedyev bildirib ki, Paşinyanın Ermənistanın hansı inteqrasiya birliyində yer almalı olduğu ilə bağlı referendum məsələsinə yanaşması ona Lev Trotskini xatırladır:

“Yoldaş Nikol, yoldaş Lev Trotskinin təhlükəli cığırı ilə gedib. Ermənistanın Aİİ-də, yoxsa Aİ-də qalması ilə bağlı referendum çağırışlarına cavab olaraq Trotskinin məşhur formulasını tətbiq edib: “Nə müharibə, nə sülh, ordunu isə buraxmaq”. Yəni referendum keçirməyəcəyik, bizi AB-yə çağırana qədər gözləyəcəyik, sonra isə Avropaya qaçacağıq”, - deyə Medvedev bildirib.

Rusiya rəsmisi Ermənistanın bu müddətdə Aİİ üzvlüyünün verdiyi iqtisadi üstünlüklərdən istifadə etməyə davam etdiyini vurğulayıb və Trotskinin siyasi yolunun faciəvi sonluqla bitdiyini xatırladaraq Paşinyanın gələcək taleyinə açıq şəkildə eyham vurub.

Bəs Medvedyevin bu hədəsi Rusiya-Ermənistan münasibətlərinə nə vəd edir? İki stul arasında qalan İrəvan bundan sonra hansı yolu seçəcək?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Rusiya rəsmiləri son dövrlər bu istiqamətdə çıxışlarının sayını artırıb və tonunu daha da sərtləşdiriblər. Əslində bunun səbəbi aydındır. Paşinyan artıq hərəkətləri və davranışları ilə hansı seçimi etdiyini bariz şəkildə göstərib:

"Prinsip etibarilə, bu proseslərdən - yəni regionda sülh müqaviləsi imzalandıqdan və Türkiyə ilə sərhədlər açıldıqdan sonra, Ermənistanın adıçəkilən təşkilatlardan çıxacağını düşünürəm".

Lakin İrəvanın Avropa İttifaqına üzv olacağına, açığı, inanmıram. Bəli, niyyətləri budur, amma bu, çox uzun və yorucu bir prosesdir. Ermənistanın qısa müddətdə bu yolu qət edə biləcəyi real görünmür". 

Turan Rzayev: İrəvanın Avropa İttifaqına üzv olacağına inanmıram

Onun dediyinə görə, digər tərəfdən, Avropa İttifaqı üçün Ermənistanın nə vəd etdiyi də sual altındadır. Onilliklərdir gözlədilən Türkiyə kənarda qaldığı halda, iqtisadiyyatı bu qədər zəif olan bir ölkəni ittifaqa qəbul edərlərmi? Bunlar çox düşündürücü məqamlardır.

Politoloq qeyd edir ki, əgər Ermənistan Avropa İttifaqına qəbul edilərsə, bu, tarixdə bir ilk olacaq və ölkə ittifaqın anklav ərazisinə çevriləcək. Çünki ittifaq coğrafiyasından bu qədər uzaqda olan bir ərazinin üzvlüyü praktiki cəhətdən mümkün deyil. Belə bir addım atılarsa, buna etiraz edəcək ölkələr də tapılacaq:

"Məsələn, Moldova, Ukrayna, Gürcüstan, hətta Azərbaycan da haqlı olaraq etiraz edə bilər ki, ittifaqın əsas enerji tərəfdaşlarından biri olan Bakı kənarda qaldığı halda, nə üçün məhz Ermənistan qəbul edilir? Düzdür, bizim belə bir üzvlük niyyətimiz yoxdur, bu, yanlış anlaşılmasın. Amma ortada bir reallıq var: əgər belə bir qərar verilərsə, buna qarşı çıxacaq ölkələrin sayı kifayət qədər çoxdur".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR