• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Mehmet Saltan: Universitetimizdəki azərbaycanlı müəllimlər savadlıdırlar - MÜSAHİBƏ

MÜSAHİBƏ

24 Sentyabr 2024 | 10:19

Mehmet Saltan: Universitetimizdəki azərbaycanlı müəllimlər savadlıdırlar - MÜSAHİBƏ

Azərbaycan vətəndaşları Türkiyənin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayına görə ikinci yer tutur.

Bakıvaxtı.az Türkiyə Ali Təhsil Şurasının məlumatlarına istinadla xəbər verir ki, 2023/2024-cü tədris ilinin sonuna qardaş ölkənin universitetlərində 40354 azərbaycanlı təhsil alıb. Bu isə Türkiyədə əcnəbi tələbələrin ümumi sayının 12 faizini təşkil edib.

Qeyd edək ki, azərbaycanlı gənclərin Türkiyədə üz tutduqları universitetlərdən biri də Süleyman Dəmirəl Universitetidir (SDÜ). Bugünlərdə Azərbaycanda olan SDÜ rektoru Prof.Dr. Mehmet Saltan Bakıvaxtı.az saytına müsahibə veib.

Müsahibəni təqdim edirik:

Bakıda yaşamaq istəyərəm

- Cənab rektor, Süleyman Dəmirəl Universitetinin jurnalistika fakültəsinin azərbaycanlı tələbəsi kimi Sizi Bakıda - Azərbaycanın paytaxtında salamlamaq xoşdur. Azərbaycana xoş gəlib, səfalar gətirimisiniz...

- Xoş gördük.

- Səhv etmirəmsə, bu, Sizin Azərbaycana ikinci səfərinizdir. Birinci səfərinizdən ötən müddət ərzində Bakı çoxmu dəyişib?

- Doğru qeyd etdiniz, bu, mənim Azərbaycana - paytaxtınız Bakıya ikinci səfərimdir.

İlk dəfə ötən ilin may ayında Bakıya gəlmişdim. May ayı bir az daha küləkli və sərin idi. Budəfəki səfərim daha gözəl fəslə təsadüf efir. Məncə, indi Bakının ən gözəl zamanlarından biridir.

Bakı hər ötən gün gözəlləşən, diqqəti cəlb edən şəhərdir. Paytaxtınız gözəldir. Amma Xəzər dənizi bir az kirli və yağlıdır. Bu da Azərbaycanın neft ölkəsi olması ilə bağlı ola bilər. Su olduğu yeri gözəlləşdirir. Xəzər dənizi də Bakının gözəlliyinə ayrı bir gözəllik qatır.

Bakını çox sevdim. Gələcəkdə bura köçüb, burada yaşaya bilərəm (gülür).

SDÜ-də oxuyan azərbaycanlı tələbələrdən razıyıq

- Türkiyəyə təhsil üçün üz tutan azərbaycanlı gənclər çoxdur. Amma bəzən "hansı universitet" sualına cavab axtarırlar. Belə olan halda, onlar niyə məhz Süleyman Dəmirəl Universitetini seçsinlər?

- İlk növbədə qeyd edim ki, universitetimiz 1992-ci il iyulun 11-də Isparta şəhərində qurulub. Universitet Ispartada doğulmuş, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin adını daşıyır.

SDÜ Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biridir. Köklü tarixi və hərtərəfli akademik infrastrukturu ilə Türkiyənin təhsil sektorunda mühüm rola malikdir. SDÜ müasir təhsil metodları və müasir tədris proqramı ilə seçilir, tələbələrə gələcək karyeraları üçün möhkəm zəmin yaradır.

Süleyman Dəmirəl Universiteti Türkiyədəki ali təhsil ocaqları arasında xüsusilə tətbiqi elmlər sahəsində güclü proqramları, biliklərin ötürülməsində fəal rolu ilə tanınır. Universitet akademik mükəmməlliyi və innovativ yanaşmaları ilə tanınır və tələbələrini real dünya problemlərinin həlli yollarını tapmaq bacarıqları ilə təchiz etməyi hədəfləyir. Bu yolla məzunlar qlobal iş dünyasında rəqabətli mövqe qazanırlar.

Bizim universitetimizdə tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləmək üçün bir çox tədqiqat mərkəzləri və laboratoriyalar fəaliyyət göstərir.

Bir sözlə, Süleyman Dəmirəl Universiteti Türkiyənin universitetləri arasında seçilən təhsil ocağıdır.

Universitetimizdə 19 fakultə, 3 kollec, 20 peşə məktəbi, 6 institut, 40 tədqiqat və tətbiq mərkəzi fəaliyyət göstərir.

- Qeyd etdik ki, azərbaycanlı gənclərin daha çox üz tutduqları universitetlərdən biri də SDÜ-dür. Universitetinizdə neçə azərbaycanlı gənc təhsil alır? Onlardan razısınızmı?

- Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan bir millət - iki dövlətdir. Biz Azərbaycanı Türkiyədən fərqli görmürük. Ona görə də Azərbaycandan gələn tələbələr bizim üçün öz millətimizin tələbələri kimidirlər. Onlar da Türkiyəyə getdikləri zaman özlərini rahat hiss edirlər. Bu da ən önəmlisidir. İnsanın getdiyi yerdə özünü rahat hiss eləməsi daha da uğurlu olmasına yol açır.

SDÜ-də yüzlərlə azərbaycanlı tələbə təhsil alır və rektor kimi onlardan çox razıyıam. Təbii ki, onların sayının çox olmasını istərdik.

- SDÜ-də dərs deyən azərbaycanlı müəllimlər də az deyil...

- Doğrudur, rəhbərlik etdiyim universitetdə azərbaycanlı müəllimlər də çalışırlar. Onu da deyim ki, Azərbaycandan gedən müəllimlər çox bacarıqlı və savadlı müəllimlərdir.

Azərbaycandakı universitetlərlə əməkdaşlığımız genişlənir

- Süleyman Dəmirəl Universitetinin Azərbaycanda hansısa ali təhsil ocağı ilə əməkdaşlığı varmı?

- Süleyman Dəmirəl Universiteti olaraq UNEC- Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və Azərbaycan Tibb Universiteti ilə anlaşmamız var. Bu anlaşmaları daha da gücləndirmək üçün buraya gəldim.

Qeyd edim ki, ali təhsili sadəcə bakalavr səviyyəsi üzrə düşünmək lazım deyil. Azərbaycan Tibb Universitetində oldum. Rektor Gəray Gəraybəyli ilə görüşümüz oldu. Oranı bitirən məzunlar Türkiyədə staj keçirlər. Rektorla bu məsələ ilə bağlı müzakirəmiz oldu. O məzunlar bizim universitetimizdə də staj keçə bilərlər. Yəni, bizim belə imkanlarımız var. Bizim universitetin tibb fakültəsini bitirənlər dünyanın hər yerində işləyə bilirlər. Yəni, aldıqları diplomlar dünyanın hər yerində keçərlidir.

UNEC və Tibb Universiteti ilə yanaşı Azərbaycan Turizm və Menecment Universiteti ilə də əməkdaşlığa başlamağı düşünürük. Artıq bu hazırlıqlara başlamaq üçün universitetin rektoru İlham Mədətovla görüşümüz olub.

Türkiyə-Azərbaycan Universitetində SDÜ-nün bir şöbəsini açmaq istərdik

- SDÜ-nün digər türk dövlətləri ilə əlaqəsi hansı səviyyədədir?

- Bir ay əvvəl Qazaxıstana getmişdim. Əl-Fərabi Qazax Milli Universiteti ilə Süleyman Dəmirəl Universiteti arasında uzun müddətdir anlaşma mövcuddur. Hətta bizim universitetin bəzi müəllimləri müvəqqəti olaraq orada dərs keçirlər. Universitetin rektoru Can Seyitlə də gözəl bir görüşümüz oldu. Əlaqələri genişləndirmək barəsində hətta oktyabr ayında yenidən Astanaya gedib orada keçiriləcək bir toplantıya qatılacam.

Bundan başqa, Özbəkistanda əlaqədə olduğumuz universitetlər var.

Digər türk cümhuriyyətləri ilə də əlaqələri gücləndirmək üçün əlimdən gələni edirəm.

- Bildiyiniz kimi, Bakıda Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başladı. İstanbul Texnik Universitetinin, Orta Doğu Texnik Universitetinin və Hacettepe Universitetinin mövcud proqramları bu yeni universitetə köçürüləcək. Süleyman Dəmirəl Universiteti gələcəkdə TAU ilə əməkdaşlığı nəzərdə tuturmu?

- Türkiyəyə qayıdanda YÖK-lə yeni universitetdə Süleyman Dəmirəl Universitetinin hər hansı şöbəsinin aça biləcəyimizlə bağlı müzakirələr aparacam. Bildiyim qədərilə Türkiyədəki tanınmış universitetlərin burada şöbə açmaq şansları var. YÖK icazə verərsə, həmin yaxşı universitetlərdən birinin rektoru olaraq Bakıda SDÜ-nün tibb, diş həkimliyi, mühəndislik, iqtisadiyyat fakültələrindən birini açmaq istərəm.

- Cənab rektor, vaxt ayırıb Bakıvaxtı.az saytına müsahibə verdiyiniz üçün təşəkkür edirəm.

- Çox sağ olun. Mənim üçün də Süleyman Dəmirəl Universitetinin gələcəyin jurnalisti olacaq azərbaycanlı tələbəsinə onun öz ölkəsində müsahibə vermək xoş oldu.

Nərgiz Məmmədli

SDÜ-nün Jurnalistika fakültəsinin tələbəsi

Xüsusu olaraq Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR