• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Azərbaycanda cinayət hüququ: yeniliklər və ehtiyaclar - HÜQUQŞÜNAS DANIŞDI

CƏMİYYƏT

18 Oktyabr 2024 | 14:22

Azərbaycanda cinayət hüququ: yeniliklər və ehtiyaclar - HÜQUQŞÜNAS DANIŞDI

Azərbaycanda cinayət hüququ və islah tədbirləri cəmiyyətin təhlükəsizliyini təmin edən, ədalətin bərqərar olunmasına və hüquqi sistemin effektivliyinə xidmət edən əsas sahələrdən biridir. Cinayət hüququnun inkişafı islah tədbirlərinin daha səmərəli olması üçün müasir dövrün tələblərinə uyğun olaraq bəzi yeniliklərin həyata keçirilməsi zəruridir.

Bakıvaxtı.az bu yazıda cinayət hüququ və islah tədbirləri sahəsində vacib yeniliklərə toxunaraq, bu islahatların əhəmiyyətini araşdırıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Zübeyir Bağırzadə cinayətlərin differensiallaşdırılması və cəzaların proporosionallığı məsələlərinə toxunub:

"Azərbaycanda cəza siyasətinin əsas problemlərindən biri bəzi cinayətlərə tətbiq olunan cəzalar ilə onların cəmiyyət üçün törətdiyi təhlükə arasındakı balansın düzgün qurulmamasıdır. Cinayət hüququnun ədalət prinsipinə görə, hər bir cinayətə tətbiq olunan cəza onun ağırlığına və nəticələrinə uyğun olmalıdır. Məsələn, yüngül və ya birinci dəfə törədilmiş cinayətlərə ağır cəzaların tətbiqi cəza siyasətində müəyyən boşluqlar yaradır. Bunun qarşısını almaq üçün Azərbaycanda cəzaların diferensiallaşdırılması, yəni cinayətin mahiyyətinə, ciddiyyətinə və cinayətkarın şəraitinə görə fərqli yanaşmanın tətbiqi vacibdir. Bu, hüquq sisteminin daha çevik olmasına töhfə verəcək".

Müsahibimiz qeyd edib ki, alternativ cəza tədbirlərinin genişləndirilməsi xüsusilə vacib məsələdir. Onun sözlərinə görə, Azərbaycanda islah tədbirlərinin təkcə həbs cəzası ilə məhdudlaşması problemdir. Həbs cəzası müəyyən hallarda effektiv olsa da, bəzi yüngül cinayətlərə görə cəmiyyətə inteqrasiya edilmək potensialı olan fərdlərin uzun müddət həbsxana mühitinə daxil edilməsi onların sosial reabilitasiyasına mənfi təsir göstərə bilər. Bu səbəbdən alternativ cəza tədbirlərinin genişləndirilməsi vacibdir. Məsələn, ictimai faydalı işlər, şərti məhkumetmə, ev dustaqlığı və elektron nəzarət kimi alternativ cəzaların tətbiqi cəza sistemi üzərindəki yükü azalda bilər:

"Cinayət törətmiş insanların yalnız cəzalandırılması deyil, həm də yenidən cəmiyyətə qayıda bilmələri üçün reabilitasiya olunmaları vacibdir. Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi üçün yetəri qədər böyük addımlar atılıb. Fikrimcə, cəza ilə yanaşı, cinayətkarların islahı və reabilitasiyasına da diqqət yetirilməsi vacibdir. Psixoloji dəstək, peşə təlimləri və cəmiyyətə adaptasiya proqramları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən uyğunlaşmasını asanlaşdırar".

Zübeyir Bağırzadə, hüquqşünas

Hüquqşünas, həmçinin, gənc cinayətkarların reabilitasiyası cəmiyyətin uzunmüddətli sabitliyi və gənclərin gələcək həyatlarına müsbət təsir göstərmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Gənc yaşda cinayət törətmiş şəxslərin islahı, onların gələcəkdə daha faydalı və məsuliyyətli vətəndaşlar kimi yetişməsinə kömək edə bilər. Azərbaycanda bu sahədə görülən işlərin genişləndirilməsi və daha effektiv proqramların tətbiqi cəmiyyət üçün mühüm addımlardan biridir. Gənc cinayətkarların əksəriyyəti sosial və ya ailə problemlərinin təsiri altında cinayətə yönəlir. Bu səbəbdən onların islahı zamanı psixoloji dəstək çox vacibdir. Psixoloq və sosial işçilərin iştirakı ilə aparılan fərdi və qrup seansları onların emosional və sosial vəziyyətlərini stabilləşdirməyə kömək edir.Təhsil və peşə təlimləri gənc cinayətkarların cəmiyyətə yenidən inteqrasiya olunması üçün mühüm amillərdən biridir. Təhsil proqramları ilə bu şəxslər daha yüksək bilik səviyyəsinə çataraq gələcəkdə cinayətdən uzaq həyat tərzi seçə bilərlər. Eyni zamanda, onlara müxtəlif peşə bacarıqları öyrədilərək iş tapmaq imkanları genişləndirilə bilər. Bu da onların gələcəkdə müsbət yollarla məşğuliyyət tapmasına və cəmiyyətə faydalı olmasına şərait yaradır".

Son olaraq Zübeyir Bağırzadə Azərbaycanda cinayət hüququnun və islah tədbirləri sahəsində bir sıra yeniliklərin edilməsinin cəmiyyətin təhlükəsizliyini təmin etmək, ədalətli və balanslı bir hüquq sistemi qurmaq baxımından əhəmiyyətli olduğunu deyib:

"Cəzaların uyğunlaşdırılması, alternativ cəza tədbirlərinin genişləndirilməsi və reabilitasiya proqramlarının artırılması bu sahədə daha effektiv bir yanaşma təmin edəcək. Bu islahatlar təkcə hüquq sisteminə deyil, ümumilikdə cəmiyyətə müsbət təsir göstərəcək".

Əli Hüseynov


SON XƏBƏRLƏR