Son dövrlər onlayn alış-verişin rahatlığı artsa da, təəssüf ki, istehlakçıların aldadılması və ya fırıldaqçılıq halları da eyni sürətlə çoxalır. Sifariş olunan məhsulun yerinə tamam fərqli, keyfiyyətsiz bir əşyanın gəlməsi və ya saxta səhifələr tərəfindən pulların mənimsənilməsi bu gün ən çox rast gəlinən problemlərdəndir.
İstehlakçıları cəlb etmək üçün ən çox istifadə olunan üsul reallıqdan uzaq olan “şok endirim”lərdir. Ekspertlərə görə, bu növ tələlərə düşməmək və onlayn ticarətdə təhlükəsizliyi təmin etmək üçün həm yerli, həm də xarici platformalarda alış-veriş edərkən bir neçə qızıl qaydaya mütləq diqqət yetirmək lazımdır.
Mpvzu ilə bağlı Bakıvaxtı.az-a danışan texnobloger, İKT üzrə mütəxəssis Fərid Pərdəşünas deyib ki, onlayn alış-veriş edərkən mütləq şəkildə etibarlı platformalardan istifadə etmək lazımdır.
Onun sözlərinə görə, alış-veriş zamanı bilinən, güvənli onlayn platformalar seçilməlidir:
“Bu platformalardan hər alınan məhsulın çox yaxşı halda gələcəyinə dair qayda yoxdur. Çünki platformalar adətən bazar platformaları olur və orada bir çox satıcılar olur. Satıcılar məhsul satdıqlarına görə, müəyyən dələduzluqlar, uyğunlaşmazlıqlar ola bilər. Mütləq şəkildə satıcının profilini də analiz etmək lazımdır. Bilmək lazımdır ki, satıcı kimdir, nə qədər reytinqi var, nə qədər ulduz alıb, alış-veriş edən insanların rəylərini öyrənmək lazımdır. Bunları detallı şəkildə analiz etməliyik. İstər "Temu", istər "Birmarket", yaxud "Amazon" olsun, belə platformalarda qeyd etdiyim məqamlara diqqət yetirmək lazımdır”.
F.Pərdəşünas vurğulayıb ki, bununla paralel öz şəxsi səhifələrində satış edən satıcılar da var:
“Ən çox dələduzluqlar buralarda baş verir. Çox ucuz qiymətə bir məhsul göstərirlər, amma məhsul ümumiyyətlə ya gəlmir, ya da müştərini bloka atırlar”.
Müsahibimiz vurğulayıb ki, elektron ticarət əslində bu deyil. Elektron ticarət daha çox müəyyən platformalar üzərindən olur və onların öz öhdəlikləri olur. Satış səhifələrində isə cavabdeh şəxs həmin səhifə özüdür, "İnstagram" məsuliyyət daşımır. Dediyinə görə, səhifə "face" olanda ancaq polisə şikayət edilməlidir. Amma onlayn alış-verişdə məbləğlər kiçik ölür deyə nəticələr çox da uğurlu olmur. Bəzən isə bu cür şəxslər adətən xaricdə yaşayanlar olur. Onları tapmaq, pulu geri almaq qeyri-mümkün məsələyə çevrilir. Bu səbəbdən vətəndaşlar mütləq şəkildə etibarlı platformalardan alış-veriş etsələr daha yaxşı olar”.
Aydın Baxış
Bakı 



