Fransada hökumət dövlət məktəblərində bəzi müsəlman şagirdlərin geyindiyi çadra tipli uzun donlar qadağan edilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın təhsil naziri Qabriel Attalın qərarın sentyabrın 4-dən qüvvəyə minəcəyi bildirilib.
Fransanın TF1 dövlət televiziyasına danışan Attal bu cür paltarların "dünyəviliyə zidd" olduğunu iddia edib.
"Sinifə girdiyiniz zaman tələbələrin hansı dinə mənsub olduğunu bir baxışda ayıra bilməməlisiniz", - deyə nazir bildirib.
Fransa Təhsil Nazirliyi bu yaxınlarda verdiyi mətbuat açıqlamasında məktəbdə oğlan və qız şagirdlərin çadra, turban və xalat kimi paltarlar geyindiyini və "dünyəviliyin pozulması hallarının 150% artdığını" iddia etmişdi.
2004-cü ildə qəbul edilmiş qanuna əsasən, hazırda ölkədəki ibtidai və orta dövlət məktəblərində hicab taxmaq qadağandır. Yeni tətbiqə müxtəlif reaksiyalar var. İfrat sağçılar qadağanı dəstəklədiyi halda, solçular bu qərarla müsəlman tələbələrin şəxsi azadlıqlarının dövlət tərəfindən pozulduğunu düşünür.
Fransada dövlət məktəblərində hicabdan başqa xristian simvolları və yəhudi kipaları da qadağandır.
Ay Tac














