• Bakı 24° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Meşə yanğınları Türkiyədə turizmi də "yandırdı"

DÜNYA

22 Avqust 2024 | 10:36

Meşə yanğınları Türkiyədə turizmi də "yandırdı"

Türkiyəni meşə yanğınları ağuşuna alıb. Ölkədə meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam edir.

Bakıvaxtı.az xatırladır ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.

Türkiyənin daha çox turistik ölkə olduğunu nəzərə alsaq, baş verən meşə yanğınlarının bu sahəyə cidii ziyan vurduğunu təxmin etmək olar.

İlkin İsmayılov: Ege bölgəsində yanğınlar daha şiddətli olduğu üçün orada azalma ola bilər

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan Türkiyənin “Aydinbey Famous Hotel”in ön büro müdiri İlkin İsmayılov bildirib ki, ilk növbədə palıd yanğınları Türkiyənin ekologiyasına və iqtisadiyyatına ziyan vurub və bu vəziyyət turizm üçün neqativ haldır.

Onun sözlərinə görə, yanğınlar xüsusilə Ege və Aralıq dənizi bölgələrində yerli və xarici turistlər üçün xoşagəlməz vəziyyət yaradır:

“Təbii ki, 5-10% olsa belə, bu yanğınlar həm ölkə daxilində, həm də xaricdə turizm şirkətlərinə təsir edib”.

Müsahibimiz diqqətə çatdırıb ki, Aralıq dənizi bölgəsində turizm şirkətlərinə müraciətlərin sayında çox da azalma olmayıb:

“Ege bölgəsində yanğınlar daha şiddətli olduğu üçün orada azalma ola bilər”.

Ceyhun Aşurov: Yanğınların Türkiyəyə gedən turistlərin sayına ciddi təsir edəcəyini düşünmürəm

Turizm üzrə ekspert Ceyhun Aşurov Bakıvaxtı.az-a açıqlamasında bir neçə il əvvəl Türkiyənin Antalya və Marmaris bölgələrində olan yanğınları yada salaraq bildirib ki, mövsüm vaxtı belə yanğınlar olur və bu hal turistləri ciddi şəkildə narahat edir.

C.Aşurov nəzərə çatdırıb ki, bu yanğınlar orada həm atmosferi pozduğuna, həm də müəyyən risklər daşıdığına görə ümumi olaraq turistləri təşvişə salsa da ora gedən turistlərin sayına ciddi şəkildə təsir etmir:

“Çünki adətən Türkiyəyə gedilən səyahətlərin 80%-dən çoxu öncədən alınmış və planlaşdırılmış tur paketlər şəklində olduğuna görə, həm də yanğınların otellərə hansısa bir ciddi şəkildə təsir etməməsi ilə əlaqədar olaraq tətillər və səyahətlər baş tutur”.

Ekspert onu da qeyd edib ki, yaşıllığın belə məhv olması heç də yaxşı hal deyil və dövlətlər dərhal buna müdaxilə edirlər:

“Amma hər il nəinki Türkiyə, ümumiyyətlə hər bir dövlət maksimum təhlükəsizlik tədbirləri görməlidirlər ki, bu kimi hallar baş verməsin və təkrarlanmasın. Amma ümumi olaraq ora gedən turistlərin sayına ciddi şəkildə təsir edəcəyini düşünmürəm”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026